REGİONLAR
Zaqatalanın Aşağı Çardaxlar kəndinə təbii qaz verilib VİDEO
Zaqatala, 26 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Noyabrın 26-da Zaqatala rayonunun ən ucqar yaşayış məntəqələrindən olan Aşağı Çardaxlar kəndinə ilk dəfə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, 276 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1501 metr olan müxtəlif diametrli polietilen və ümumi uzunluğu 15738 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər əhalinin təbii qaz, elektrik enerjisi və içməli su ilə təminatının yaxşılaşdırılmasının Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayıblar. Bildirilib ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əhalinin təbii qaza olan tələbatını tam ödəmək məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərin nəticəsidir ki, artıq respublikamızın ən ucqar yaşayış məntəqələri də “mavi yanacaq”la təmin olunur.
Diqqətə çatdırılıb ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, digər rayonlar kimi, Zaqatala rayonunun yaşayış məntəqələrinin də mərhələli şəkildə qazlaşdırılması məqsədi ilə zəruri işlər görülür. Hazırda rayonun 25 yaşayış məntəqəsinin əhalisi təbii qazdan istifadə edir. 2015-ci ildə rayonun 9 kəndinə “mavi yanacaq” verilib. Əhali abonentləri üzrə qazlaşma 71 faizdən yuxarıdır.
Kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.