REGİONLAR


Zaqatalanın ictimai-siyasi və mədəni həyatında fərqlənən qadınlar mükafatlandırılıblar

Zaqatala, 8 mart, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan qadını əsrlərboyu milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, övladlarımızın doğma Vətənə məhəbbət ruhunda yetişməsi kimi şərəfli vəzifəni öhdəsinə götürüb və bu işin öhdəsindən layiqincə gəliblər. Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən Azərbaycan qadını bu gün dövlət quruculuğu, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə ləyaqətlə iştirak edir, müstəqil respublikamızın inkişafına layiqli töhfələr verirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən bayram tədbirində səsləndirilib.

Rayonun rəhbər işçilərinin, ayrı-ayrı əmək kollektivlərində çalışan fəal qadınların iştirak etdikləri tədbirdə hər il böyük təntənə ilə qeyd edilən bu əlamətdar günün xalqımızın ən əziz bayramlarından biri olduğu vurğulanıb. Bildirilib ki, Azərbaycanda qadına, anaya daim böyük hörmət bəslənilib. Ana həmişə müqəddəs olub, namus, qeyrət rəmzi sayılıb. Azərbaycan qadını bütün dövrlərdə istedadı, zəkası, ağlı ilə fərqlənib. Tariximizin, mədəniyyətimizin neçə-neçə şanlı səhifəsi məhz qadının adı ilə bağlıdır. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınların müstəsna xidmətləri olub. Azərbaycan qadını bu gün milli dövlət quruculuğu proseslərinin, ictimai-siyasi hadisələrin fəal iştirakçısı olaraq, respublikamızın sosial-iqtisadi inkişafına əvəzsiz töhfələr verir. Milli dəyərlərimizin daha da gücləndirilməsi, övladlarımıza Vətən və torpaq sevgisinin aşılanması qadınlarımızın varlığı ilə bilavasitə bağlıdır.

Diqqətə çatdırılıb ki, bu gün Azərbaycanda qadın hüquqlarının qorunmasına böyük diqqət göstərilir. Bütün Azərbaycan qadınları kimi, Zaqatala qadınları da cəmiyyətdə gedən ictimai-siyasi proseslərdə yaxından iştirak edirlər.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən qadınlara rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

Bayram tədbiri çay süfrəsi ətrafında bədii proqramla davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.