REGİONLAR
Zaqatalanın taxıl zəmilərində hər hektardan orta hesabla 31,4 sentner məhsul yığılır
Zaqatala, 12 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Cari mövsümdə Zaqatala rayonunda 10 min 811 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 7 min 465 hektarını buğda, 3 min 346 hektarını isə arpa sahələri təşkil edir. İndiyədək 6 min 510 hektar sahənin taxılı biçilib, 20 min 441 ton məhsul əldə olunub. Hər hektardan orta məhsuldarlıq 31,4 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Rayonda fəaliyyət göstərən iri taxılçılıq təsərrüfatlarından biri də iş adamı Abdulla Mahmudovun rəhbərlik etdiyi “Muxax İstehsalat Kooperativi”dir. Dövlətin məhsul istehsalçılarına göstərdiyi bütün güzəştlərdən yetərincə yararlanan sahibkar bu il 270 hektar sahədə taxıl əkib, yaxşı da məhsul yetişdirib. A.Mahmudov indiyədək 140 hektar sahənin məhsulunu biçdirib, hər hektardan orta hesabla 30 sentnerdən çox məhsul götürüb. Sahibkarın dediyinə görə, qalan sahələrdə məhsuldarlıq daha da yüksək olacaq.