Zaur Əliyev: Tibbi xidmətlərin hər kəs üçün əlçatan olması əsas hədəflərimizdəndir
AzerTAg.az

Lənkəran, 3 fevral, İlkin Adıyev, AZƏRTAC
Əhalinin operativ və keyfiyyətli tibbi xidmətlərlə təmin olunması məqsədilə yaradılan yeni şöbələrin mühüm rolu olacaq. Tibbi xidmətlərin hər kəs üçün əlçatan olması agentliyin əsas hədəflərindəndir. Bu səbəbdən də agentlik xəstəxanalarda kadr potensialının və maddi-texniki bazanın gücləndirilməsi tədbirləri prioritetlərimiz sırasındadır.
Bunu AZƏRTAC-a açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
“Təsadüfi deyil ki, açılışına qatıldığımız bu şöbələr də agentliyin dəstəyi ilə yaradılıb. Bu günədək TƏBİB-in tabeliyindəki rayon mərkəzi xəstəxanalarında ürək-damar cərrahiyyəsi icra olunmurdu. İlk dəfədir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında bu əməliyyatların icrası mümkün olacaq. Cənub bölgəsinin sakinlərinin rayon xəstəxanasında icbari tibbi sığorta çərçivəsində ürək-damar cərrahiyyəsi şöbəsinin açılması insanların sağlamlıqla bağlı problemlərinin vaxtında qarşısının alınmasına xidmət edəcək. Qeyd edim ki, 2021-ci və 2022-ci illər ərzində icbari tibbi sığorta çərçivəsində ürək-damar sistemində aparılan əməliyyat və prosedurların sayı 36 000-dən çox olmuşdur”, deyə Z.Əliyev bildirib.
Xatırladaq ki, bu gün Lənkəran Rayon Mərkəzi Xəstəxanasında İnvaziv kardiologiya və Ürək-damar cərrahiyyəsi şöbələrinin açılışı olub.
Xəbərin mətnində orfoqrafik səhv var