REGİONLAR
Zaur Cəlilov: Tur-aksiya Vətənimizi daha yaxından tanımaq üçün gözəl imkandır
Qəbələ, 19 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçıları arasında Qusar şəhər 2 saylı tam orta məktəbin X sinif şagirdi Zaur Cəlilov da var. O, Qəbələ ilə tanışlıqdan zəngin təəssüratla ayrıldığını bildirib.
Təəssüratlarını AZƏRTAC-a bölüşən Zaur Cəlilov deyib: “Ekskursiya zamanı rayonun qədim mədəniyyət abidələri ilə yanaşı, müasir tikililəri, turizm obyektləri, mənzərəli məkanları ilə də yaxından tanış olduq. Ümumiyyətlə, 3 gün ərzində Qəbələ, Şəki və Zaqatalada gördüklərimiz bölgə haqqında təəssüratlarımızı daha da artırıb. Bölgələrimizin maddi-mədəniyyət abidələri ilə yaxından tanış olmaqla bərabər, həm də özümüzə yeni dostlar qazanmışıq”.
Məktəbli qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən tur-aksiya şagirdlərin Vətənimizi daha yaxından tanıması üçün gözəl imkandır.