REGİONLAR


Zəfər Düşərgəsinin iştirakçıları muxtar respublikanın mədəniyyət müəssisələri ilə tanış olublar

Naxçıvan, 30 iyul, AZƏRTAC

“Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nin iştirakçıları proqrama uyğun olaraq Ordubad şəhərinə səfər ediblər.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, gənclər burada Tarix-Diyarşünaslıq Muzeyi, Yusif Məmmədəliyev, Məhəmməd Tağı Sidqi və Məmməd Səid Ordubadinin ev-muzeyləri ilə tanış olublar.

Daha sonra “Duzdağ” hoteldə düşərgə iştirakçılarına Azərbaycan tarixi və mədəniyyətinə dair təlim keçirilib.

Təlimdə çıxış edən Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktor müavini Qədir Xəlilov bildirib ki, güclü təməllər üzərində qurulub-yaradılan Azərbaycan-Türkiyə qardaşlığı sağlam müstəvi üzərində bu gün də davam etməkdədir. İndiyə qədər keçirilən düşərgələrin ən mötəbəri burada qardaş ölkənin gəncləri ilə birlikdə təşkil olunandır. Bu, gənclik üçün böyük qürur və sevincdir. Qədir Xəlilov qalib ölkə kimi iştirak etdikləri bu tədbirin yüksək səviyyədə təşkilinə görə muxtar respublika rəhbərinə, Naxçıvan Muxtar Respublikası Gənclər Fonduna və Türkiyə Gənclik Vəqfinə minnətdarlığını bildirib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə çoxəsrlik tarixə malikdir. Müxtəlif sənət növlərimizin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.

Akademik İsmayıl Hacıyev Moskva və Qars müqavilələrinin önəmindən danışaraq sözügedən müqavilələrdə yer alan fərqli məsələlərə toxunaraq Naxçıvanın Azərbaycanın ərazisi kimi tanınmasında, ona muxtariyyət statusunun verilməsində hər iki tarixi sənədin ölkəmiz üçün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin Naxçıvan muxtariyyətinin qarantı kimi Qars müqaviləsini daim gündəmdə saxlaması bu tarixi sənədin vacibliyindən xəbər verir. Bu gün də mənfur düşmənlərimizin Qars müqaviləsinin ləğvi ilə bağlı xam xəyallarından əl çəkmədiyini bildirən məruzəçi bu arzuların reallaşmayacağına əminliyini ifadə edib.

Daha sonra “Saat Meydanı” turistik istirahət mərkəzində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Tədbiri AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov açaraq Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı ətraflı məlumat verib. Bildirilib ki, ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə, klassik irsimizə göstərilən diqqətin bariz nümunəsidir. Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilib. Nizami Gəncəvinin əsərləri dünyanın əksər mədəni xalqlarının dillərinə tərcümə olunub. Bunun nəticəsidir ki, nizamişünaslıq dünya şərqşünaslıq elminin məxsusi bir istiqamətinə çevrilib. Yurdumuz Azərbaycan isə dünya nizamişünaslıq elminin əsas mərkəzidir. Nizami Gəncəvi dünya ədəbiyyatında Azərbaycanın qüdrətli təmsilçisi, böyük elçisidir.

Daha sonra Nizami Gəncəvinin şeirləri bədii qiraət edilib, əsərlərinə həsr olunmuş kiçik tamaşalar göstərilib.

“Yunus Əmrə-700” adlı tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Yazıçılar Birliyinin sədri Asim Əliyev Yunus Əmrə yaradıcılığının müxtəlif fəlsəfi cərəyanlara məxsus olan ideyalarla səsləşən aspektləri haqqında danışıb. Asim Əliyev Əmrə yaradıcılığı və Qərb fəlsəfəsi arasında narsizim ideyası kontekstində maraqlı müqayisə apararaq türk milli-əxlaqi düşüncə sisteminin möhkəm tarixi köklərə söykəndiyini və bu dərin köklərin Qərb ideoloji buxovlarından qorunmasının zəruriliyini qeyd edib.

Sonra Türkiyə Gənclik Vəqfinin əsas mərkəzinin mətbuat katibi Ramazan Orakın Yunus Əmrənin həyat və yaradıcılığı haqqında geniş nitqi dinlənilib. Tədbirin sonunda sufi şairinin ədəbi yaradıcılığından olan şeirlər səsləndirilib.

Daha sonra düşərgə iştirakçıları “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət ediblər.

Türkiyə tarixi və mədəniyyətinə dair təlimdə isə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Emin Şıxəliyevin və Türkiyə Gənclik Vəqfinin Xarici əlaqələr koordinatoru Elif Habibin Türkiyə tarixi və mədəniyyətinə dair mövzu ilə bağlı çıxışları olub.

Sonra gənclərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.