MƏDƏNİYYƏT
Zəfər Günü Rustavidəki 18 nömrəli məktəbdə maraqlı konsert proqramı ilə qeyd olunub VİDEO
Tbilisi, 9 noyabr, AZƏRTAC
Gürcüstanın ikinci ən böyük şəhəri olan Rustavidəki 18 nömrəli tam orta məktəbin şagirdləri Zəfər Günü münasibətilə maraqlı konsert proqramı hazırlayıblar.
AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycan səfirliyinin məsul əməkdaşları, “Salam” Mədəni Xeyri Cəmiyyətinin rəhbərliyi və üzvləri, Rustavi şəhər 18 və 10 nömrəli məktəblərin müəllim və şagirdləri, valideynlər, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Konsertin keçirildiyi səhnə Azərbaycan, Türkiyə və Gürcüstanın bayraqları ilə bəzədilib.
Rustavi şəhər 18 nömrəli məktəbin müəlliməsi Mədinə Həsənova tədbiri açaraq Zəfər Günü münasibətilə xalqımızı və soydaşlarımızı təbrik edib, şəhidlərə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıb.
Səfirliyin məsul əməkdaşı Ramel Lətifov şagirdlərin Zəfər Günü ilə əlaqədar maraqlı konsert proqramı təşkil etmələrini yüksək qiymətləndirib. Bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımız hər zaman Azərbaycan dövlətinin ətrafında sıx birləşib, öz köməkliklərini ediblər. Biz bunu 20 Yanvar faciəsi, Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi dövründə də gördük. Bu gün Gürcüstanda yaşayan soydaşlarımızın övladlarının Azərbaycanın Zəfər Gününə belə hazırlaşması onların əsl vətənpərvər ruhda böyüdüklərini sübut edir.
“Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin sədri Maya Rəcəbova qeyd edib ki, şagirdlərin konsert proqramı ilə çıxış etmələri bu millətin, xalqın birliyinin bariz nümunəsidir.
İctimai fəal Tengiz Məmmədov və başqaları çıxış edərək Zəfər Gününün əhəmiyyətindən danışıb, şagirdlərin vətənpərvərlik ruhunda böyümələri üçün bu cür tədbirlərin əhəmiyyətini qeyd ediblər.
Sonra şagirdlər Vətənə, torpağa, xalqa, şəhidlərə və qazilərə həsr olunmuş şeirlər söyləyib, mahnı və rəqslər ifa ediblər.
Şagirdlərin təşkil etdikləri kompozisiya böyük maraq və alqışlarla qarşılanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi