MƏDƏNİYYƏT


“Zəfər Günü” adlı rəsm müsabiqəsi elan olunub

Bakı, 27 oktyabr, AZƏRTAC

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi uşaqlar arasında xalqımızın və dövlətimizin Qarabağ Zəfərinə həsr olunan “Zəfər Günü” adlı rəsm müsabiqəsi elan edib.

İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqənin əsas məqsədi tarixi Qələbəni uşaqların gözü ilə görmək və onlarda vətənpərvərlik ruhunu aşılamaqdır.

Müsabiqənin 5-10 və 11-15 yaşlı uşaqların iştirakı ilə 2 kateqoriya üzrə keçirilməsi nəzərdə tutulur. İştirakçılar istənilən boya növü və rəsm texnikasını istifadə etməkdə sərbəstdir.

Müsabiqənin şərtlərinə görə iştirakçılar yarışa ölçüsü ən azı A4 vərəqi ölçüsündə olan rəsmlərlə qatıla bilər. Rəsmlər ancaq əl işlərindən ibarət olmalı, onların hazırlanması zamanı heç bir kompüter və ya digər texnoloji vasitələrin imkanlarından istifadəyə yol verilməməlidir.

Daha əvvəl başqa müsabiqələrə təqdim olunmuş və ya mükafat qazanmış rəsmlər təkrarən istifadə oluna bilməz. Hər iştirakçı müsabiqəyə yalnız 1 rəsm təqdim edə bilər. Müsabiqənin qaliblərinə idarə tərəfindən mükafatlar təqdim olunacaq. Hər bir iştirakçıya isə Bəhram Bağırzadənin şəxsi imzası ilə uşaq kitabları hədiyyə ediləcək.

İştirakçılar əl işlərini oktyabrın 27-dən noyabrın 4-dək saat 09:00-18:00 aralığında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzdində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinə təqdim edə bilərlər.

Qeyd edək ki, işlər 6-9 noyabr tarixlərində Bakı Xan Sarayı Kompleksinin parkında yaradılan “Art Zonası”nda sərgilənəcək.

Müsabiqənin münsiflər heyətinə aktyor Bəhram Bağırzadə, Əməkdar rəssam İrina Eldarova, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova, rəssamlar Bəhruz Kəngərli və Orxan Qarayev daxildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.