REGİONLAR
Zəfər Günü münasibətilə Ağalıda meyvə bağı salınıb VİDEO
Zəngilan, 8 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Zəfər Günü münasibətilə Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbinin həyətində meyvə bağı salınıb. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə xüsusi nümayəndəliyin, Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin birgə təşkilatçılığı, “Böyük Qayıdış” MMC-nin dəstəyi ilə keçirilən aksiyada Zəngilan rayonundan olan ziyalılar, alimlər və Ağalı kənd orta məktəbinin müəllim-şagird kollektivi iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ağalı kənd tam orta məktəbinin qarşısında görüş keçirilib. Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Qələbədən, şanlı Zəfərin əhəmiyyətindən danışıb. Zəfər Gününün Zəngilan rayonunun Ağalı kəndində qeyd edilməsinin önəmini qeyd edib.
Çıxış edən Zəngilan ziyalıları 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsinə, xalqımıza Zəfər sevinci bəxş etməsinə görə Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna minnətdarlıqlarını bildirib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə sağlamlıq diləyiblər.
Ağalı kənd məktəbinin müəllimlərinə və texniki işçilərinə hədiyyələr təqdim edilib. Sonra məktəbin həyətində 100 ədəd meyvə ağacı əkilib. Hər şagird ağacların qarşısında öz ad, soyad və siniflərini, müəllimlər isə ad, soyad və tədris etdikləri fənlərin adını qeyd edən kiçik bir lövhəni də torpağa basdırıblar.
Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin sədri Emin Əliyev AZƏRTAC-a müsahibəsində Ağalıda bağın salınmasının xüsusi əhəmiyyət daşıdığını bildirib: “Biz Ağalıda bu bağın salınması ilə bütün dünyaya mesaj veririk ki, Azərbaycan dünyanın qorunmasına, yaşıllaşdırılmasına xidmət edir. Uşaqların alimlərlə, ziyalılarla birgə bu layihəni icra etməsi xüsusi əhəmiyyətə malikdir. Ağacların üzərində ağacı əkən şagird və müəllimin adı qeyd olunub. Lövhədə adları qeyd edilən şagirdlər məktəbi bitirənədək ağaca qulluq edəcək. Zəfər bayramını belə möhtəşəm şəkildə qeyd etdiyimizə görə Prezident İlham Əliyevə təşəkkür edirik, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik”.
Zəngilan ziyalısı İmanqulu Ağaquluyev sevincini ifadə edərək deyib: “Biz Zəfər Gününü Zəngilan rayonunun Ağalı kəndində qeyd edirik. Bu gün bizim üçün böyük şərəf günüdür. Hamımız sevincliyik, fərəhliyik. Bu sevinci bizə bəxş edən Prezidentimizə, Ordumuza təşəkkürümü bildirirəm”.