CƏMİYYƏT
Zəfər Günü münasibətilə “Heydər zirvəsi”nə yürüş keçirilib
Bakı, 25 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə Anım və Zəfər günlərinin təsis edilməsinə dair sərəncamlarından irəli gələn tapşırıqların icrası ilə əlaqədar Gənclər və İdman Nazirliyi tərəfindən bir sıra tədbirlər reallaşdırılır.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, silsilə tədbirlər çərçivəsində Vətən müharibəsində tarixi Zəfərin birinci ildönümü münasibətilə Quba rayonu ərazisində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsinə” yürüş təşkil edilib. Bazardüzü zirvəsinin şərqində yerləşən “Zəfər zirvəsi” fəth olunub.
Hündürlüyü 3751 metr olan “Heydər zirvəsi”nə yürüşdə nazirliyin əməkdaşları və “Respublika alpinist-turist” idman klubunun üzvləri iştirak ediblər. Zirvəyə qalxanlar arasında gənclər və idman nazirliyinin İdman şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov da olub.
Yürüş iştirakçıları tam heyətdə “Heydər zirvəsi”nə qalxaraq ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirələrini dərin ehtiramla yad ediblər.