REGİONLAR
Zəfər Günündə Xaçmaz şəhərində yeni park istifadəyə veriləcək VİDEO
Xaçmaz, 5 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz şəhərində inşa olunan Zəfər parkında son tamamlama işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi Zəfərə həsr olunan, eləcə də sakinlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə salınan yeni parkın ərazisi 4 hektardır.
Heydər Əliyev prospektində inşa edilən istirahət mərkəzi müasir layihə əsasında tikilib. Parkda şanlı Qələbəmizi özündə əks etdirən Zəfər Muzeyi və elektron kitabxananın tikintisi də yekunlaşır. Bundan başqa ərazidə süni göl və fontan qurulub, gələcəkdə isə müxtəlif ictimai iaşə obyektləri sakinlərin istifadəsinə veriləcək.
Parkda müxtəlif idman qurğuları, uşaqların əyləncəsi üçün attraksionlar quraşdırılıb. İstirahət mərkəzində velosiped zolağı salınacaq, açıq havada müxtəlif tədbirlərin təşkili məqsədilə səhnə də yaradılacaq.
Həmçinin parkda müasir işıq dirəkləri basdırılıb, yerə tamet döşənib, ətraf ərazilər yaşıllaşdırılıb. Parkın ərazisindəki yaşıllıq zolaqları, ümumilikdə, 15 min kvadratmetri əhatə edir.
Parkın 8 Noyabr - Zəfər Günündə istifadəyə verilməsi nəzərdə tutulub.