CƏBHƏ XƏBƏRLƏRİ


Zəfər bizim olacaq

Bakı, 28 sentyabr, AZƏRTAC 

Azərbaycanın işğal olunmuş ərazilərində, qoşunların təmas xəttində gərginliyin artmasında məsuliyyət birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının müntəzəm xarakter alması, əsasən mülki əhali və hərbçilərin hədəf alınması gərginliyin artmasına, hətta prosesin hərbi müstəviyə keçməsinə səbəb olub. Populist vədlərlə hakimiyyətə gəlmiş Nikol Paşinyanın ötən müddət ərzində ölkəsinin üzləşdiyi ciddi sosial, iqtisadi və siyasi problemləri həll edə bilməməsi, bu istiqamətdə ümidverici islahatlar apara bilməməsi əhali arasında haqlı narazılıqların sürətlə artmasına, siyasi rəqiblərinin aktivləşməsinə təkan verib.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı Slavyan Universitetinin dosenti Şirinbəy Əliyev deyib. O bildirib ki, Nikol Paşinyanın ölkə əhalisinin diqqətini daxili problemlərdən yayındırmaq məqsədilə Dağlıq Qarabağ münaqişəsindən istifadə etmək cəhdləri də Azərbaycan Prezidentinin qətiyyətli addımları qarşısında iflasa uğramış və uğramaqdadır. Ermənistanın hərbi-siyasi rəhbərliyinin münaqişə bölgəsində status-kvonu saxlamaq məqsədilə danışıqları pozması, açıq şəkildə Azərbaycanı yeni işğalla hədələməsi, əsəbləri tarıma çəkəcək digər addımlar atması - Şuşada qondarma “andiçmə” mərasiminin təşkili, kriminal rejimin qondarma məclisinin Şuşaya köçürülməsi qərarı, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma və s. gərginliyin artmasına hədəflənmiş addımlar idi. Ermənistanın böyük müharibəyə hazırlaşdığına dair Azərbaycan tərəfinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri ermənilərin iyul ayında Tovuz istiqamətində təxribatını, avqust ayında Azərbaycana qarşı diversiya qrupunun göndərilməsini sakitcə izləyirdi. İndi isə bütün dünya ermənilərin mülki əhaliyə və hərbçilərimizə qarşı növbəti hərbi təxribatının şahidi oldu.

Azərbaycan xalqı uzun müddət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT-nin qətnamələri və beynəlxalq hüquq normaları əsasında həll olunacağı, işğal olunmuş torpaqların azad ediləcəyini böyük səbirlə gözləyib. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyinin beynəlxalq hüquq normalarını açıq-aşkar pozması, müntəzəm olaraq hərbi təxribatlara əl atması onların münaqişənin nizamlanmasında maraqlı olmadığının əyani göstəricisidir. Bu gün şanlı ordumuz Ali Baş Komandanın əmri ilə ermənilərin hərbi təxribatlarının qarşısını almaq, işğal olunmuş torpaqlarımızı azad etmək istiqamətində əks hücuma keçib. Beynəlxalq hüquqa və ədalətə söykənən haqq işimiz uğrunda düşmənə sarsıdıcı zərbələr endirən Azərbaycan Ordusu zəfər çalacaq!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.