ELM VƏ TƏHSİL
“Zəfər dastanı” onlayn respublika şeir və mahnı müsabiqəsinə start verilir
Bakı, 28 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin dəstəyi, “Gənclərin Respublika Bədii Yaradıcılıq Evi” publik hüquqi şəxsin təşkilatçılığı ilə “Zəfər dastanı” onlayn respublika şeir və mahnı müsabiqəsinə start verilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi Vətən müharibəsində xalqımızın qazandığı Qələbənin tarixi əhəmiyyətini uşaq və gənclərə aşılamaq, böyüməkdə olan gənc nəsildə hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, təhsilalanların nitq mədəniyyətinə, bədii ifaçılığa, şeirə, incəsənətə olan marağını daha da artırmaq və onların yaradıcılıq bacarıqlarının inkişaf etməsinə dəstək olmaqdan ibarətdir.
Müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında şeir və mahnı nominasiyaları üzrə 2 yaş (7-14 yaş və 15-20 yaş) qrupunda və 2 mərhələdə keçirilir.
Sentyabrın 28-dən oktyabrın 23-dək keçiriləcək birinci mərhələdə iştirakçılar tərəfindən hazırlanan şeir və mahnıların qəbulu aparılır. Hazırlanan mahnılar video formatda [email protected] elektron ünvanına göndərilməlidir.
Oktyabrın 24-dən 28-dək keçiriləcək ikinci mərhələdə münsiflər heyəti tərəfindən işlər qiymətləndiriləcək və qaliblər müəyyənləşdiriləcək.
Müsabiqənin şərtləri ilə linkdə tanış ola bilərsiniz.
Müsabiqənin qalibləri və fəal iştirakçılar “Gənclərin Respublika Bədii Yaradıcılıq Evi” publik hüquqi şəxsin diplom və sertifikatları ilə təltif olunacaqlar.