ELM VƏ TƏHSİL


“Zəfər dastanı” respublika şeir və mahnı müsabiqəsi keçiriləcək

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-dən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Zəfər dastanı” adlı onlayn respublika şeir və mahnı müsabiqəsinə start verilib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi Vətən müharibəsində xalqımızın qazandığı möhtəşəm qələbənin tarixi əhəmiyyətini uşaq və gənclərə aşılamaq, böyüməkdə olan gənc nəsildə hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, təhsilalanların nitq mədəniyyətinə, bədii ifaçılığa, şeirə, incəsənətə olan marağını daha da artırmaq və onların yaradıcılıq bacarıqlarının inkişaf etməsinə dəstək olmaqdan ibarətdir.

Müsabiqə şeir və mahnı nominasiyaları üzrə 2 yaş (7-14, 15-20) qrupunda və 2 mərhələdə keçirilir.

Müsabiqə üzrə tələblər aşağıdakılardır:

- Müsabiqəyə iştirakçılar yalnız bir nominasiya üzrə qatıla bilər;

- İştirakçı seçdiyi nominasiya üzrə bir ifadan ibarət videogörüntünü müsabiqəyə təqdim etməlidir;

- Müsabiqəyə vətənpərvərlik mövzusunda yazılmış şeirlə yanaşı iştirakçının öz yazdığı şeir də təqdim oluna bilər;

- Mahnı nominasiyası üzrə müsabiqəyə xalq və bəstəkar mahnıları təqdim olunmalıdır;

- Təqdim olunan mahnı və şeirin ifa müddəti 3-4 dəqiqədən çox olmamalıdır;

- Müsabiqəyə təqdim olunan mahnı minusla və ya akopella oxuna bilər;

- Fonoqram qəbul olunmur;

- Hər iki nominasiya üzrə iştirakçının videogörüntüsü telefon, planşet və ya kamera ilə çəkilə bilər;

- Videogörüntülər aydın və keyfiyyətli olmalıdır;

-Təqdim olunan ifadan öncə iştirakçı özü barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, şəhər və rayon, təhsil aldığı müəssisə, nominasiya üzrə ifa etdiyi mahnı və ya şeirin adını) hazırladığı videogörüntü ilə birgə təqdim etməlidir;

- İfa zamanı səhnə mədəniyyəti, aydın intonasiya, düzgün tələffüz, nitqin səlisliyi və ifadəliliyi, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə, təqdim etmə bacarığı kimi meyarlar nəzərə alınacaq.

Birinci mərhələ sentyabrın 20-dən oktyabrın 28-dək davam edir. Bu mərhələdə iştirakçılar tərəfindən hazırlanan şeir və mahnıların qəbulu aparılır. Hazırlanan mahnılar videoformatda [email protected] elektron poçt ünvanına və ya (+994) 55 539 55 22 telefon nömrəsinə vatsap vasitəsilə göndərilməlidir.

Oktyabrın 29-dan noyabrın 6-dək keçiriləcək ikinci mərhələdə münsiflər heyəti tərəfindən işlər qiymətləndiriləcək və qaliblər müəyyənləşdiriləcək.

Müsabiqənin qalibləri və fəal iştirakçılar Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplom və sertifikatları ilə təltif olunacaqlar.

Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 568 42 19 və (+994) 55 539 55 22 telefon nömrələri ilə əlaqə yarada bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.