CƏMİYYƏT
Zəfər günlərimin şahidi- Bayraq!
Bakı, 10 noyabr, AZƏRTAC
Binəqədi rayonu ərazisində fəaliyyət göstərən M.Maqomayev adına 26 saylı musiqi məktəbində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Zəfər günlərimin şahidi – Bayraq!” adlı tədbir keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə icra hakimiyyətinin nümayəndələri, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, rayon ictimaiyyəti, ASAN Könüllüləri iştirak ediblər.
Tədbirdə əvvəlcə qədim dövlət bayraqlarından və rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan olunan tədbirdə dövlət bayrağının yaranma tarixi haqqında məlumat verilib.
Sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ölkəmizdə dövlət rəmzlərinə olan münasibətə diqqət çəkib. Yeniyetmə və gənclərə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən danışan A.Əliyeva ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən bayrağımıza olan münasibətinin hər bir vətəndaş üçün nümunə olduğunu nəzərə çatdırıb.
Daha sonra çıxış edənlər əlamətdar günün tarixi haqqında geniş danışaraq bayram münasibətilə tədbir iştirakçılarını təbrik ediblər.
Tədbirin bədii hissəsində rayonun yaradıcı gənclərinin ifasında şeir və mahnılar səslənib. Tədbir atəşfəşanlıqla yekunlaşıb.