ELM VƏ TƏHSİL
“Zəfər gününün fəlsəfəsi” mövzusunda ümumrespublika tədbiri keçirilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutu və Yeni Azərbaycan Partiyası institut üzrə ərazi partiya təşkilatı tərəfindən “Zəfər gününün fəlsəfəsi” mövzusunda ümumrespublika tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə, həmçinin Fəlsəfə və Sosiologiya İnstitutu tərəfindən hazırlanmış “Azərbaycanın strateji hədəfləri və Cənubi Qafqazda yeni reallıqlar” kitabının təqdimatı olub.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun direktoru professor İlham Məmmədzadə tədbirin elmi, siyasi əhəmiyyətini və yeni reallıqlar baxımından mahiyyətini şərh edib. O, 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın Cənubi Qafqaza gətirdiyi yeni reallıqların fəlsəfəsinə toxunaraq Müzəffər Ali Baş Komandan və xalq birliyinin uğurlu nəticələrinin Anım Günü ilə müqayisəli təhlilini aparıb.
Direktor Vətən müharibəsi dövründə institut alimlərinin fəaliyyətindən danışıb, onlar tərəfindən hazırlanan “Azərbaycanın strateji hədəfləri və Cənubi Qafqazda yeni reallıqlar” kitabının elmi-ideoloji əhəmiyyətini qeyd edib.
Tədbirdə AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, fəlsəfə elmləri doktorları Füzuli Qurbanov, Rəna Mirzəzadə, professor Adil Əsədov və YAP ərazi partiya təşkilatının sədri dosent Sənan Həsənov çıxış edərək Vətən müharibəsində hərbi strategiya ilə ideoloji siyasi intellektual gücün vəhdəti haqqında təhlillər aparıb, bu sarsılmaz gücü xalq-lider birliyinin təzahürü kimi qiymətləndiriblər.
İnstitut alimlərindən - professorlar Sakit Hüseynov, Əsədulla Qurbanov, Əyyub Kərimov, dosentlər Məhəmməd Cəbrayılov, Anar Qafarov və digər çıxış edənlər müdrik siyasi iradənin gücünə arxalanan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni sülh fəlsəfəsinin bəşəriyyət üçün əhəmiyyətinə toxunublar.
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədr müavini polkovnik Rəfael Xəlilov, Qarabağ müharibəsi qazisi Sarvan Tağıyev Azərbaycanın Vətən müharibəsindəki hərbi strategiyasının dünya hərb tarixində özünəməxsusluğuna dair fikirlərini bölüşüb, müharibədə qəhrəmanlıq göstərmiş övladlarımızın yüksək vətənpərvərliyindən söz açıblar.