REGİONLAR
“Zəfər yazanlar” ədəbi yazı müsabiqəsi elan olunub
Xaçmaz, 21 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Regional Mədəniyyət İdarəsi “Zəfər yazanlar” ədəbi yazı müsabiqəsini elan edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqənin məqsədi regionda yazıb-yaradan yazıçı və şairlərin 44 günlük Vətən müharibəsi ilə bağlı əsərlərinin toplu halına gətirilməsi, gələcəkdə bu əsərlərdən bölgədə hazırlanan bədii-kütləvi tədbirlərdə, konsert və tamaşalarda ədəbi material kimi istifadə olunmasıdır. Müsabiqə Vətən müharibəsində vuruşan, şimal bölgəsindən olan igid döyüşçülərimizin (şəhid, qazi və veteran) bədii obrazının ədəbiyyata gətirilməsini təmin edəcək.
18 yaşdan yuxarı müəlliflər avqustun 31-dək şeir, hekayə və pyeslərini müsabiqəyə təqdim etməlidirlər.
Müsabiqədə iştirak etmək istəyənlər əsərlərini regiona daxil olan rayonlarda fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinə təqdim etməlidir. Hər iştirakçı yalnız bir janr üzrə əsər təqdim edə bilər. Təqdim edilən yazı Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan, Vətən müharibəsində iştirak edən oğul və qızlarımızın şücaətini əks etdirməlidir.
Təqdim olunan əsərlər müsabiqənin təşkilat komitəsinin seçdiyi münsiflər tərəfindən qiymətləndiriləcək. Hər janr üzrə iki üç yer üzrə qaliblər müəyyənləşdiriləcək.
Qaliblər Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Müsabiqədə qalib gələn, eləcə də həvəsləndirici yerlər qazanan əsərlər “Zəfər yazanlar” ədəbi toplusu halında nəşr olunacaq.
8 Noyabr - Zəfər günündə müsabiqə qalibləri və həvəsləndirici yer tutan yazarlar diplom və mükafatlarla təltif olunacaq, “Zəfər yazanlar” toplusunun təqdimat mərasimi keçiriləcək.