ELM VƏ TƏHSİL
“Zəfər yolu” kitabı Azərbaycan və ingilis dillərində nəşr olunub
Bakı, 27 yanvar, AZƏRTAC
“Zəfər yolu” kitabı Azərbaycan və ingilis dillərində nəşr olunub.
Bu barədə AZƏRTAC-a kitabın həmmüəlliflərindən biri yazıçı-jurnalist Vüqar Şahinoğlu məlumat verib.
O bildirib ki, kitabın giriş hissəsində Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Ordumuzun parlaq Qələbəsindən və xalqımızın 44 günlük Vətən müharibəsi ərzində birlik nümayiş etdirməsi qeyd olunur. Qalibiyyətimizin sevinci bu kitabda tərənnüm olunub.
Kitabın müəllifləri AMEA-nın Əlyazmalar İnstitutunun dissertantı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İradə Əlili və yazıçı-jurnalist Vüqar Şahinoğludur. Nəşrdə Qarabağdan məcburi köçkün olmuş tanınmış media və ictimaiyyət nümayəndələrinin, o cümlədən digər peşə sahiblərinin işğaldan azad edilmiş torpaqlar haqqında fikirləri, xatirələri, öyrənilib, müsahibələr hazırlanıb.
Milli Məclisin deputatı ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun “Ön söz” yazdığı kitabın redaktoru Əməkdar jurnalist Elnarə Dərziyeva, məsləhətçiləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının əməkdaşı Azadə Novruzova, Niderland-Belçika koordinasiya şurasının əlaqələndirici üzvü İlkanə Yusifova, tərcüməçisi Xəyalə Qurbanovadır.