CƏMİYYƏT


“Zəfərdən zəfərlərə” rəsm sərgisi təqdim olunub

Bakı, 22 oktyabr, AZƏRTAC

Veteran Tankçılar İctimai Birliyinin təşəbbüsü ilə oktyabrın 22-də Hərbi Qənimətlər Parkında “Zəfərdən zəfərlərə” adlı rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, İkinci Qarabağ müharibəsində qazanılan Zəfərin birinci ildönümünə həsr edilmiş tədbirdə İctimai Birliyin üzvləri, Milli Məclisin deputatları, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının nümayəndələri, Türkiyə, Qazaxıstan, Ukraynanın ölkəmizdəki səfirliklərinin əməkdaşları, Azərbaycan İlahiyyat İnstitutunun, həmçinin digər ictimai təşkilatların təmsilçiləri, qazilər və şəhid ailələrinin üzvləri iştirak ediblər.

İstedadlı rəssam Ülkər Əbülfətin və digər rəssamların əsərlərinin nümayiş olunduğu sərgidə çıxış edənlər bir il əvvəl xalqımızın onilliklər boyu gözlədiyi möhtəşəm Qələbənin yaradıcı insanların əsas mövzusuna çevriləcəyinə inandıqlarını bildiriblər.

Veteran Tankçılar İctimai Birliyinin sədri, istefada olan kapitan Hacı Əzimov Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməni 44 gün ərzində darmadağın edərək möhtəşəm tarixi Zəfər qazandığını vurğulayıb.

İstefada olan general-mayor Elman Orucov rəssamların Vətən müharibəsi mövzusuna müraciət etmələrinin əhəmiyyətini qeyd edərək deyib: “Mənim diqqətimi tablolardakı işıq daha çox çəkdi. O işıq xalqımızın yaşayan ruhunun simvoludur. Birinci Qarabağ müharibəsinin hər bir iştirakçısı kimi, burada olan veteranlar da o ölməz ruhun Azərbaycan döyüşçülərinə necə güc verdiyini görüblər. Ümummilli lider Heydər Əliyevin Ali Baş Komandanlığı ilə hazırlanaraq həyata keçirilən Horadiz əməliyyatında düşmən o ruhun zərbəsini gördü. 2003-cü ildən başlayaraq Silahlı Qüvvələrimizdə hərtərəfli islahatlar aparan və onu dünyanın ən güclü orduları sırasına çıxaran Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrimiz istər 2016-cı ilin aprelində, istər 2020-ci ilin iyulunda, istərsə də Vətən müharibəsində o ruhun verdiyi gücü nümayiş etdirdi”.

Birinci Qarabağ müharibəsi şəhid Oleq Mamontovun anası, nəvəsi isə Vətən müharibəsinin qazisi olan Yelena Mamontova böyük Zəfəri yaradıcılıq subyektinə çevirən rəssamlara təşəkkürünü bildirib. Şəhid anası və qazi nənəsi bu cür təşəbbüslərin təkcə Vətən üçün canlarından keçən insanların xatirəsinə ehtiramın ifadəsi deyil, həm də doğma yurdunu sevmək ənənəsini yaşatmağa xidmət etdiyini bildirib: “Azərbaycan hamımızın doğma evidir və Vətənimiz olan bu diyar uğrunda təkcə azərbaycanlılar deyil, ruslar, yəhudilər, ukraynalılar, ləzgilər, tatarlar, talışlar və digər millətlərin nümayəndələri də vuruşublar. Azərbaycanın gücü həm də bundadır və onunla doğma Vətənimiz həmişə məğlubedilməz olacaq”.

“Cəbrayılın azad edilməsinə görə” və “Zəngilanın azad edilməsinə görə” medalları ilə təltif edilən Vətən müharibəsinin qazisi Balaş Babayev döyüş xatirələrindən danışıb, müharibə zamanı xalqımızın döyüşən orduya fəal dəstəyinin şəxsi heyətin döyüş ruhunu daha da artırdığını bildirib. Qazi belə tədbirlərin döyüşən insanlara stimul verməklə yanaşı, yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin möhkəmlənməsinə xidmət etdiyini də diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.