CƏMİYYƏT


Zəfərə gedən yol: Xüdafərin körpüsünün azad edilməsi ilə cənub sərhədlərimizin böyük bir hissəsi bərpa edildi VİDEO

Bakı, 18 oktyabr, Elmir Səftərov, AZƏRTAC

Tarixi, nadir memarlıq abidəsi olan Xudafərin körpüsü 1993-cü ildə Ermənistan tərəfindən işğal edilib. Tarixə şahidlik edən bu körpü qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi böyük rol oynayıb, mənəvi cəhətdən dövlətimiz, xalqımız, həmçinin mədəniyyətimiz üçün də önəmli bir abidə sayılır. Xudafərin körpüsü 27 il ərzində işğal altında qalsa da, xalqımız heç zaman öz dəyərlərini unutmadı. Dövlət olaraq hər zaman nəinki Xudafərinin, hətta digər ərazilərimizin də bir gün işğaldan azad olunacağına inanırdıq. Çünki ata-babalarımızın əmanəti olan torpaqlar Vətən uğrunda canından keçən şəhidlərin hesabına bizlərə ötürülüb.

Prezident İlham Əliyevin düşünülmüş siyasi diplomatiyası nəticəsində 2020-ci il sentyabrın 27-də başlanılan 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi və işğalçılar torpaqlarımızdan qovuldu. Erməni tapdağından xilas edilən bütün şəhər, rayon, kənd, qəsəbə və yüksəkliklərin öz strateji əhəmiyyəti, mənəvi dəyəri var. 2020-ci il oktyabrın 18-də isə tarixi Xudafərin körpüsü 27 illik həsrətdən sonra düşməndən təmizləndi. Araz çayının digər tərəfində olan həmvətənlərimiz də Ordumuzu coşqu və dua ilə qarşılayaraq sevincimizə şərik oldular.

AZƏRTAC-ın müxbiri Cəbrayıl rayonuna yollanaraq Xudafərin körpüsünün və bu istiqamətdə aparılan döyüş əməliyyatlarında tarixi Qələbəyə imza atan Dövlət Sərhəd Xidmətinin (DSX) bir neçə hərbi qulluqçusu ilə həmsöhbət olub.

Soltanlı-Əmirvarlı istiqamətində uğurlu əməliyyat Xudafərin körpüsünə gedən yolu açdı

Vətən müharibəsi iştirakçısı, “Zəfər” ordenli, Dövlət Sərhəd Xidmətinin polkovniki Nəsib Mirzəyevin sözlərinə görə, Soltanlı-Əmirvarlı istiqamətində düşmənin üçüncü səddi çətinliyi, mürəkkəbliyi baxımından da fərqlənirdi: “Düşmənin birinci və ikinci eşalonları əlindən çıxdığı üçün Soltanlı-Əmirvarlı onların bu istiqamətdə son dayaq nöqtəsi idi. Onlar üçüncü eşalonu demək olar ki, Araz boyundan Cəbrayıl şəhərinə qədər xüsusi təyinatlı bölmələri ilə müdafiə edirdilər. Çünki düşmən bilirdi ki, Ordumuz bu istiqamətdə də irəliləsə, dövlət sərhədini bərpa etmək çətin olmayacaqdı. Bu da ermənilər üçün növbəti və ağır zərbələrdən biri olacaqdı. Ona görə də ermənilər 10 kilometr açıq ərazini seçdilər. Çünki həmin yüksəkliklərdən ərazinin müşahidəsini aparmaq rahat idi. Düşmən Ordumuzun böyük texniki qüvvə ilə açıq ərazidən gələcəyini düşünürdü və buna görə ciddi hazırlaşırdı. Lakin biz düşmənin gözləntisinin əksinə olaraq, gecə müxtəlif vaxtlarda sızma əməliyyatları etdik. Gecəgörmələrdən, termal cihazlarımızdan istifadə edərək bu istiqamətdə hərəkət etdik və düşmənə gözlənilmədən sarsıdıcı zərbə vurduq. Nəticədə isə düşməni ağır məğlubiyyətə uğratdıq”.

Döyüşlərdə iştirak edən Vətən müharibəsi iştirakçısı, polkovnik-leytenant Ələddin Tağıyev bildirib ki, Cəbrayıl rayonunun Kavdar və Mirək kəndləri istiqamətində düşmənin üçüncü səddi yerləşirdi. Üçüncü sədd Araz boyunda - Cəbrayıl rayonunun Əmirvarlı kəndi istiqamətindən başlayaraq rayonun yuxarı hissəsində olan adsız yüksəkliklərə doğru davam edirdi. Həmin sədd adətən düşmənin arxada qalan digər ehtiyat hərbi hissələrinin, silah-sursatlarının, texnikalarının daha çox cəmləşdiyi eşalon idi. Burada birinci, ikinci səddə nisbətən daha gücləndirilmiş formada xidmət aparılırdı.

Ə.Tağıyev qeyd edib ki, üçüncü sədd irəliləyən bölmələrimizin qarşısının alınması üçün yaradılmışdı: “Müharibənin ilk günlərində düşmənin birinci və ikinci sədləri yarılmışdı. Amma birinci və ikinci sədlərə nisbətən üçüncü səddə düşmən daha çox müqavimət göstərdi. Buna baxmayaraq, Ordumuzun döyüş qabiliyyəti, hazırlığı, topraqlarımızın azad olunması uğrunda əzmi, fədakarlığı sayəsində biz düşmənin üçüncü səddini yarmağa nail olduq.

Düşmən əsasən üçüncü səddə texnikanın və cəmlənmiş heyətin hücumunu gözləyirdi. Lakin biz ərazinin kəşfiyyatını apardıqdan sonra anladıq ki, düşmən bizi kiçik qruplar halında gözləmir. Biz bu ərazilərin relyefindən istifadə edərək sızma əməliyyatı ilə kiçik qruplar halında düşmənin üçüncü səddinə yaxınlaşdıq və onların səngərinə daxil olduq. Erməni əsgərləri bizi səngərində gördükdə artıq onlar üçün gec idi. Onların bir qismini məhv etdik, digərləri isə Qubadlı istiqamətinə doğru qaçdılar”.

Polkovnik-leytenantın sözlərinə görə, əsas tapşırıq düşmənin Qubadlı rayonundan gələn təminat yolunun bağlanması və nəzarət altına alınması, Əmirvarlıda düşmənin məhv edilməsi və daha sonra Soltanlı kəndi istiqamətində hərəkət edərək Xudafərin körpüsünə doğru irəliləmək və tarixi abidəmizi düşmən tapdağından azad etmək idi: “Həmin istiqamətlər bağlandıqdan sonra isə düşmən Əmirvarlıda ciddi müqavimət göstərə bilmədi. Çünki onların başqa təminat yolları bölmələrimizin nəzarətində idi. Biz buna nail olduq. Çox təəssüf ki, üçüncü sədd yarıldıqdan və bu istiqamətdə düşməni ərazidən tam təmizlədikdən sonra artilleriya atəşi nəticəsində yaralandım. Buna baxmayaraq, digər bölmələrimiz verilmiş tapşırığı uğurla yerinə yetirdilər. Düşmənin üçüncü səddə qalan heyətini tam şəkildə məhv etdikdən sonra Soltanlı kəndi və Xudafərin körpüsü azad olundu. Daha sonra isə Zəngilan istiqamətində hərəkət edərək rayon mərkəzinin və bir neçə kəndin tam şəkildə düşmən tapdağından azad edilməsinə nail olduq.

Döyüşlərdən sonra Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən “Bayraq” ordeni, eləcə də “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edildim”.

Dövlət Sərhəd Xidmətinin çevik hərəkat qüvvələrinin mənsubu, baş leytenant Elgün Ağayev deyib ki, ilkin tapşırıq Cəbrayıl rayonunun Soltanlı kəndi istiqamətinə, növbəti əmr isə Xudafərin körpüsünə doğru irəliləmək idi: “Xudafərin körpüsünə doğru irəlilədikcə, müəyyən strateji nöqtələr düşməndən azad olundu. Aparılan sızma əməliyyatı zamanı strateji yüksəkliklərdə düşmənlə toqquşmalar yaşandı. Təbii ki, düşmən hərbçilərinin hər biri qruplarımız tərəfindən məhv edildi. Sonra Xudafərin körpüsünə doğru irəlilədik və müəyyən istiqamətlərdə mövqeləndik. Ərazidə tam müşahidə apardıqdan və təhlükəsizliyi təmin etdikdən sonra qruplarımız daha dərinə sızmağa başladı. Uğurlu taktika nəticəsində əməliyyat müvəffəqiyyətlə tamamlandı. 27 ildir işğalda qalan Xudafərin körpüsünü bir gün ərzində azad edib, Azərbaycan bayrağını ora sancdıq. Xudafərin körpüsü düşməndən tam azad edildikdən, Araz boyunca dövlət sərhədinin bərpasından sonra növbəti istiqamətimiz Zəngilan rayonu oldu. Həmin tapşırıq da uğurla yerinə yetirildi və nəticədə Zəngilan rayonu da erməni işğalçılarından təmizləndi”.

Qeyd edək ki, baş leytenant Elgün Ağayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Azərbaycan Bayrağı” ordeni, “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.