SİYASƏT


Zəfərimizin Laçın dərsləri: Qələbəmizin dönüş nöqtəsi və Ermənistan dövlətinin terrorçu-vandalizm siyasəti üçün əcəl zəngləri

Bakı, 19 avqust, AZƏRTAC

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin strateji diplomatiya zəkası, qətiyyəti, iradəsi və hərbi-siyasi rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazandı, Ermənistan isə kapitulyasiya aktını imzaladı. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan Azərbaycana təhvil verildi.

Xalqımız və dünya ictimaiyyəti məhz həmin vaxt Laçın və Kəlbəcər rayonlarını tərk edən ermənilərin terrorçu və vandalizm aktlarının canlı şahidi oldular. Ermənilər evləri, mədəniyyət abidələrini dağıdıb, meşələri, qaz, işıq, su infrastrukturunu, kənd təsərrüfatı obyektlərini, arı pətəklərini yandırıblar. Həmçinin torpaqlarımıza piyada əleyhinə saysız-hesabsız minalar basdırıblar. Millətçi-şovinist, qanunsuz erməni silahlı dəstələrinin təxribatlar törətməsi ilə bağlı kadrlar bu gün də müvafiq arxivlərdə saxlanmaqdadır. Baş verən terror və vandalizm aktları Ermənistan dövlətinin siyasət mahiyyətini bir daha sübuta yetirir.

Ermənistan tərəfindən imzalanmış sözü gedən kapitulyasiya aktında Laçın şəhəri, Zabux və Sus kəndlərinin boşaldılaraq geri qaytarılması da dövlətimizin başçının şəxsi iradəsi ilə təsbit edilib. Bununla yanaşı, Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə yaşayan ermənilər Azərbaycandan 2022-ci ilin avqust ayının sonuna qədər vaxt verilməsini xahiş etmişdi. Ədalət və haqq müharibəsinin bütün qanunlarına əməl edən dövlətimiz ermənilər üçün bu şansı da yaradıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, Daxili Siyasətin Təhlili Departamentinin müdiri professor Tahirə Allahyarova söyləyib.

Professor qeyd edib ki, müharibələr nə qədər böyük fəlakət olsa da, hərbi əməliyyatların da beynəlxalq hüquqda müəyyən edilmiş qaydalar çərçivəsində aparılması, qəddarlığa qoyulan məhdudiyyətləri var. Eyni zamanda, son otuz ildə erməni işğalı və terroru ilə üz-üzə qalan Azərbaycan xalqı etnik təmizləməyə, hüdudsuz qəddarlığa, amansız cinayətlərə məruz qalıb. Bu gün də həmin cinayətlərin izlərinə şahidlik edirik.

Ermənistanın üzərinə götürdüyü Laçın şəhəri, Zabux və Sus kəndlərinin tamamilə boşaldılması öhdəliyi avqust ayının sonuna kimi yekunlaşacaq. Bundan əvvəl 2020-ci ilin dekabrında olduğu kimi, ermənilər tərk etdikləri Zabux və Sus ərazisində apara bilmədikləri nə varsa hamısını yandırmağa, məhv etməyə, dağıtmağa başlayıblar. Yerli və beynəlxalq mediada evlərə od vurulması, meşələrin alova qərq edilməsi, torpaqlara minaların basdırılması, mədəni abidələrə qarşı vandalizm aktlarının törədilməsi, ekosid və urbisid adlanan təbiətə qarşı cinayətlər yenidən dəyişməz xəbər başlığına çevrilib. Belə ki, Ermənistan insanlıq əleyhinə cinayətlər törətməklə, beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqla, regional və qlobal təhlükəsizliyə ciddi təhlükə törədən dövlət olmasını nümayiş etdirməkdə davam edir.

İdarə Heyətinin üzvü bildirib ki, bütün bunların fonunda erməni əhalinin etnik təmizləməyə məruz qalması ilə bağlı Ermənistan dövlətinin əsassız hay-küyü və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmə kampaniyası başlayıb. Halbuki, Nikol Paşinyan da bəyan edib ki, Laçın dəhlizinə alternativ yol tikildikdən sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisindən kənarda yerləşən yaşayış məntəqələri, o cümlədən hazırda ermənilərin məskunlaşdığı Laçın və Zabux kəndləri Azərbaycana təhvil veriləcək.

Ermənistanın son 30 ildə Qarabağda həyata keçirdiyi terrorçuluq, vandalizm çoxşaxəli olmaqla, siyasi, hüquqi, iqtisadi, ekoloji, mülkiyyət əleyhinə, insan hüquqları, mədəni soyqırımı, şəhərlərin məhv edilməsi və təbiətə qarşı törədilən cinayətlərin tam bir kompleksini formalaşdırıb. Belə ki, Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahdır. Keçmiş Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Ermənistan, həmçinin Qarabağda etnik təmizləməyə məruz qoyduğu soydaşlarımızı, Xocalı qətliamını törədib. İnsanlıq əleyhinə ən ağır soyqırımı cinayətini dövlət siyasəti səviyyəsində reallaşdırıb, 30 il ərzində qaçqın və məcburi köçkünləri əmlak-mülkiyyət hüquqlarından tamamilə məhrum edib. Cənnətməkan Qarabağda “yandırılmış torpaq” siyasətini təbiətə qarşı ən ağır cinayətləri törədib. Təbii sərvətlərimizi qanunsuz istismar edib, coğrafi landşaft və torpaq kadastrını viran qoyub. Həmçinin Qarabağda bütöv şəhərləri yer üzündən silməklə beynəlxalq konvensiyaları kobud şəkildə pozub. Bundan əlavə, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşma kimi hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törədib.

“Kapitulyasiya aktının reallaşdırılması fonunda Azərbaycan dövləti dünyada ilk dəfə baş verən XXI əsrin ən geniş miqyaslı qlobal humanitar layihəsini 30 ildən sonra azad Qarabağa qaçqın və məcburi köçkünlərin qayıdışını gerçəkləşdirir. Bu gün Laçın və Zabuxda terrorçu mahiyyətli dövlət siyasətini davam etdirən Ermənistana törətdiyi bu cinayətlərin ağır yükü heç də asan başa gəlməyəcək. İşğalçılıq siyasətinin davam etdiyi otuz ilin hesabı bu ölkədən istəniləcək.

Təkcə beynəlxalq hüququn təsbit etdiyi haqlı cəza deyil, işğalçı siyasətin digər nəticələri də Ermənistanı təqib etməkdədir. Belə ki, Ermənistanın nəinki beynəlxalq nüfuzu çöküb, həmçinin erməni diasporasında da nüfuzunun azalması prosesləri başlayıb. Livan, Suriya, İraq və s. ölkələrin erməni əsilli əhalisi işğalçı və cinayətkar Ermənistanın diasporunun hərbi-siyasi rəhbərliyin əlində, sadəcə, oyuncaq olduqlarının fərqindədir. Dövlətimizin tələbi ilə Zabuxda hazırda tərk edilən qəsəbəyə investisiya yatıran iş adamları nəinki öz maliyyəsinin havaya uçmasını, üstəlik Ermənistan dövləti tərəfindən beynəlxalq və insanlıq əleyhinə cinayətlər işləməyə məcbur edilmələrini dərk edirlər”,- deyə Tahirə Allahyarova vurğulayıb.

O əlavə edib ki, bu gün Zabuxda terror və vandalizm törədənləri təqdir edən Andranik Çavuşyanın beynəlxalq tribunal qarşısına çıxarılacağı gün uzaqda deyil. Zəfər tarixinin yazılması ilə dövlətimiz nəinki son iki ildə, bu gün, həmçinin, paralel olaraq, son 30 ildə törədilən bütün cinayətlər kompleksini heç bir istisna olmadan beynəlxalq hüquqi instansiyalara daşınmasını təmin edəcək. Azərbaycana vurulmuş ziyanın təfərrüatları hesablanır. Belə ki, artıq Azərbaycan Respublikasının Baş Prokurorluğu müvafiq cinayət işlərini qaldırıb. Növbəti mərhələ beynəlxalq məhkəmə və tribunallarda Azərbaycana Ermənistanın terrorçu və vandalizm dövlət siyasəti nəticəsində vurulan təzminatın tələb edilməsi mərhələsidir.

Strateji diplomatik zəkanın Laçın dönüşü Ermənistan dövlətinin terrorçu siyasətinə çalınan son əcəl zəngidir. Həmçinin ermənilərin bir daha azad Qarabağda bu siyasətə cürət etməyəcəyi ilə bağlı son xəbərdarlıqdır. Azərbaycanın ərazi bütövlüyünün dönüş nöqtəsi regional və qlobal, milli və bəşəri sülhün təhlükəsizliyinin təməl şərti olmasının bariz sübutudur. Əksinə, bu gün sülh müqaviləsindən boyun qaçıran, bütün təşəbbüsləri sabotaj edən Ermənistan regionda təhlükəsizliyi təhdid edən dövlət olaraq qalır. Zəfərimizin daha bir Zabux dərsi-alternativ Laçın yolunun Azərbaycan vətəndaşı olan ermənilərin gələcəyinin müstəsna firavanlıq, sülh yolu olacağına əminliyin rəmzidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.