CƏMİYYƏT


Zəhərlənmə əlamətləri hiss olunan kimi dərhal həkimə müraciət edilməlidir

Bakı, 19 may, AZƏRTAC

Qida zəhərlənmələri gündəlik həyatımızın ən aktual məsələlərindən biridir. Yaz və yay aylarında daha çox rast gəlinən zəhərlənmələr hətta ölümə də səbəb olur. Qida zəhərlənməsi bakteriya, yaxud toksinlərlə xarab olmuş qida və ya içki qəbulu zamanı baş verir. Bəzən yüngül və orta dərəcədə müşahidə edilsə də, daha ağır hallara da rast gəlinir.

AZƏRTAC xəbər verir ki, Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Nuranə Mollayeva deyib: “Qida zəhərlənmələrinə isti aylarda daha çox rast gəlinir. Bunun da səbəbi temperaturun artması nəticəsində bakteriyaların çoxalması və qidaların daha tez xarab olması ilə əlaqədardır. Yay aylarında qida məhsulları ilə davranarkən daha çox diqqətli olmaq tələb olunur. Həmin qidalara əsasən süd və süd məhsulları, ət və ət məhsulları, həmçinin kremli qənnadı məmulatları aiddir. Zəhərlənmələr qidaların gigiyenik qaydalara düzgün əməl edilməməsi və termiki emaldan keçməməsi nəticəsində də baş verir”.

Qidaların qəbulundan sonra zəhərlənmə əlamətlərinin meydana çıxması arasındakı müddət 1 saatdan 6 saata qədər, eləcə də 2-5 gün arasında dəyişir. Zəhərlənmələrin əsas əlamətlərini və ilk yardımın göstərilməsi qaydalarını bilmək bəzən insanın sağlamlığını və hətta həyatını xilas edir.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov bildirib ki, zəhərlənmənin ilkin əlaməti sırasında qarın nahiyəsində narahatlıq, qəbizlik və ağrılar, ürəkbulanma, qusma, bədənin hərarətinin yüksəlməsi və ümumi zəiflik müşahidə olunur. Həmin əlamətləri hiss edən kimi dərhal həkimə müraciət olunmalıdır.

Qida zəhərlənməsi ən çox uşaqlar və qocalar üçün təhlükəlidir. Uşaqların və yaşlıların bədənində suyun miqdarının az olması da vəziyyəti ağırlaşdıra bilər. Xəstəliyin öz-özünə keçəcəyini gözləmək olmaz. Bəzən yüngül hesab edilən zəhərlənmə belə xoşagəlməz nəticələrə səbəb ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.