DÜNYA
Zelenski və Ərdoğan Türkiyənin müharibənin həllində diplomatik səylərini müzakirə ediblər
Kiyev, 20 yanvar, AZƏRTAC
Yanvarın 20-də telefon danışığı zamanı Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla “taxıl müqaviləsi”nin Ukraynanın digər limanlarına da genişləndirilməsini müzakirə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofisi məlumat yayıb.
“Liderlər taxıl ixracı sazişinin müddətinin uzadılmasının zəruriliyini və onun Ukraynanın digər limanlarına da genişləndirilməsinin mümkünlüyünü qeyd ediblər”, - deyə məlumatda bildirilib.
Zelenski həmkarına Ukrayna, Türkiyə və Rusiya ombudsmanlarının Ankarada görüşünü təşkil etdiyinə görə də təşəkkür edib. Prezidentlər sülh formulunun həyata keçirilməsi üçün zəruri diplomatik səyləri ətraflı müzakirə ediblər. Zelenski Kremlin siyasi məhbusların, mülki girovların və hərbi əsirlərin, eləcə də işğal olunmuş ərazilərdən deportasiya edilmiş uşaqların Ukraynaya qaytarılmasında Türkiyənin köməyinə ümid etdiyini bildirib.
Türkiyə Prezidenti Brovarıda insanların, o cümlədən Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərliyinin həlak olduğu təyyarə qəzası ilə bağlı dərin hüznlə başsağlığı verib.
“Ərdoğan 2021-ci ildə Türkiyədə baş vermiş meşə yanğınları zamanı Ukrayna Daxili İşlər Nazirliyinin köməyini və nazir Denis Monastırskinin Ukraynanın Rusiya təcavüzündən müdafiəsinə mühüm şəxsi töhfəsini qeyd edib”, - deyə məlumatda vurğulanıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev