DÜNYA
Zelenski və Stoltenberq Ukraynanın NATO-ya üzv olması üçün gələcək addımları müzakirə ediblər
Kiyev, 6 oktyabr, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski və NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynanın Alyansa daxil olması üçün gələcək addımları müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Zelenski tviter hesabında məlumat verib.
“Mən strateji tərəfdaşlarımızla daimi təmasdayam. NATO-nun baş katibi ilə telefon danışığım olub. Biz Ukraynanın Avratlantik inteqrasiyası istiqamətində gələcək addımları razılaşdırdıq”, - deyə Zelenski yazıb.
Öz növbəsində, Zelenski ilə söhbətindən sonra Stoltenberq cəsur Ukrayna xalqını və Ukrayna Silahlı Qüvvələrini öz ərazilərini işğaldan azad etməsi istiqamətində heyrətamiz irəliləyişə görə tərifləyib.
NATO-nun Baş katibi qeyd edib ki, Rusiya başlatdığı müharibəni dayandırmalıdır.
O, həmçinin əlavə edib ki, Alyans lazım olduğu müddətdə Ukraynaya dəstəyi saxlayacaq və gücləndirəcək.
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev