REGİONLAR
Zəli istehsalını artırmaqla, bu sahəni yüksək gəlir gətirən sahəyə çevirmək mümkündür – REPORTAJ VİDEO
Mingəçevir, 1 yanvar, Rauf Hacıyev, AZƏRTAC
AMEA-nın Zoologiya İnstitutunun Mingəçevir Elmi-Təcrübə Stansiyasında ölkəmizdə zəliçiliyi inkişaf etdirmək və zəli satışını daha gəlirli sahəyə çevirmək üçün elmi proqram əsasında geniş təcrübə işlərinə başlanılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Mingəçevir Elmi-Təcrübə Stansiyasının müdiri Hicran İsgəndərova deyib.
Alim bildirib ki, zəliçiliyin inkişaf etdirilməsində əsas məqsəd bir çox xəstəliklərin müalicəsində səmərəli vasitə olan zəlini təmiz, steril şəraitdə yetişdirmək və ölkəmizdə onun satışını təşkil etməkdir.
Hazırda ölkəmizdə zəlinin qeyri-steril şəraitdə yetişdirildiyini, əslində isə daha çox natəmiz göllərdən tutulduğunu və kortəbii şəkildə satıldığını deyən H.İsgəndərova qeyd edib ki, Zoologiya İnstitutunun digər bir məqsədi zəliçiliyi daha da inkişaf etdirərək gələcəkdə onun xarici ölkələrə ixracını həyata keçirməkdir. Zəli istehsalını artırmaqla yüksək gəlir gətirən sahəyə çevirmək mümkündür.
Bu məqsədlə 2016-cı ildən Zoologiya İnstitutunun əməkdaşları tərəfindən Azərbaycanın yerli iqlim şəraitinə uyğunlaşmış Şərq tibb zəlisi üzərində elmi-tədqiqat işlərinə başlanılıb.
Tədqiqat işlərinin nəticələrindən danışan Hicran İsgəndərova deyib ki, hazırda Zoologiya İnstitutunun bu sahə üzrə elmi araşdırmaları iki mərhələdən ibarətdir. Birinci hissədə laboratoriya şəraitində zəlilərdən nəsil almaq, ikinci hissədə isə kokondan (süfrə yuvası) çıxan zəlilərin təbiətə daha yaxın şəraitdə yetişdirilməsini və inkişafını təmin etmək üçün Mingəçevir Elmi-Təcrübə Stansiyasına köçürməkdir.
Alim qeyd edib ki, əvvəllər Mingəçevir Elmi-Təcrübə Laboratoriyası kimi fəaliyyət göstərən müəssisə 2018-ci il mayın 15-dən stansiya olaraq fəaliyyətini yenidən qurub. Əvvəllər daha çox ixtialogiya (balıqçılıq) sahəsində elmi araşdırmaların aparıldığı stansiyada hazırda mövcud olan 10 süni göldən 2-si zəliçiliyin inkişafı məqsədilə ayrılıb. İlkin mərhələdə Zoologiya İnstitutunda əldə edilmiş 200 zəli buradakı göllərə köçürülüb və onlar üzərində elmi-tədqiqat işlərinə başlanılıb.
Stansiyada zəlilər üçün münasib iqlim şəraiti olduğuna görə ətraf mühitə tezliklə uyğunlaşıb. Əsasən ilan, qurbağa və tısbağa qanı ilə qidalanan zəlilərin yemlənməsində də stansiya əməkdaşları heç bir çətinlik çəkmirlər. Belə ki, zəlilər digər 8 göldə və ətrafda yaşayan həmin canlılar vasitəsilə qidalanır.
Suda temperatur 23-24 dərəcə olduqda zəlilər nəsil verməyə başlayır. Bir kokondan 11-12 zəli çıxdığına görə bu canlılar daha tez çoxalır.
Zəlilər soyuğa, küləyə və kəskin qoxuya qarşı çox həssasdır. Alim bildirib ki, bu canlılardan müalicə üçün istifadə etmək istəyən xəstədən əgər tütün və ya ətir iyi gələrsə, zəlilər heç vaxt həmin insanın qanını sormaz.
“Hazırda apteklərdə bir zəli 1 manat 50 qəpiyə satılır. Xəstəliyin müalicəsində səmərəli nəticə almaq üçün zəlilər steril və təmiz olmalı, həmçinin bir dəfə qanı sorduqdan sonra atılmalıdır. Bəzən bir çox yerlərdə satılan zəlilər nəinki steril olmur, hətta bir zəlidən bir neçə dəfə istifadə edilir. Belə ki, zəli bir xəstənin qanını sorduqdan sonra onu duzlu su ilə qusdurub, ikinci xəstənin üzərinə qoyurlar. Bu cür vasitələr bəzən xəstəliklərin ağırlaşmasına da gətirib çıxara bilir. Ona görə də hər kəs bilməlidir ki, yalnız steril şəraitdə yetişdirilən zəlidən, həm də təkrar-təkrar deyil, bir dəfə istifadə etməklə xəstəliyin müalicəsində səmərəli nəticə almaq və sağalmaq mümkündür”, – deyə H.İsgəndərova qeyd edib.