REGİONLAR


Zəngəzur dəhlizinin açılması regionda sülhə, iqtisadi inkişafa töhfə verəcək

Naxçıvan, 18 may, AZƏRTAC

Türkiyənin İğdır Universitetində “Zəngəzur dəhlizinin regional inkişafda və iqtisadi yüksəlişdə strateji əhəmiyyəti” mövzusunda konfrans keçirilib. Türkiyənin “Serhat” İnkişaf Agentliyi və İğdır Universitetinin birgə təşkil etdiyi konfransda Zəngəzur dəhlizinin açılması ilə Mərkəzi Asiya ölkələri, Rusiya, İran, Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan arasında nəqliyyat əlaqələrinin bərpası, tarixi İpək yolunun canlanması məsələlərinə diqqət yetirilib.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən İğdır valisi Hüseyn Engin Sarıibrahim Türkiyənin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən tarixi hadisələrə nəzər salıb, həmin proseslərin önəmindən bəhs edib. İki ölkə arasında imzalanan əməkdaşlıq sənədlərinin qardaş dövlətlər üçün xüsusi əhəmiyyəti olduğunu bildirən İğdır valisi Zəngəzur dəhlizinin açılmasının Türkiyənin iqtisadi-inkişafında strateji baxımdan əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu dəhliz vasitəsilə bölgənin Azərbaycanla nəqliyyat əlaqələri birbaşa təmin olunur və Türkiyənin Ardahan, İğdır və Qars şəhərlərini əhatə edən sərhəd bölgəsi ticarət, iqtisadi və mədəni əlaqələrin inkişafı üçün mühüm potensial yaradır.

Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin İnkişaf Agentliklərinin baş direktoru Barış Yeniçeri qeyd edib ki, Zəngəzur dəhlizində iştirak edəcək ölkələr həm də regional inkişafa töhfə verəcəklər. Bu gün regionda nəqliyyat-kommunikasiya əlaqələrinin qurulması, lazımi investisiyaların layihələndirilməsi və həyata keçirilməsi, xüsusən də bütün tərəfdaş ölkələrin sərhədyanı bölgələrinin inkişafı üçün geniş imkanlar yaranıb. Barış Yeniçeri əminliyini bildirib ki, Şərqi Qara Dəniz, Şərqi Aralıq Dənizi, Şimali-Şərqi Anadolu və Cənub-Şərqi Anadolu İnkişaf agentlikləri Serhat İnkişaf Agentliyi ilə birgə bu işlərə öz töhfələrini verəcəklər.

Konfransda çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Zəngəzur dəhlizinin açılmasını regionda sülhün, iqtisadi inkişafın əsasını təşkil edəcəyini vurğulayıb. Diqqətə çatdırıb ki, region üçün böyük strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi Azərbaycanı bölgənin nəqliyyat qovşaqlarının mərkəzinə çevirməklə bərabər, həm də regional əməkdaşlığın inkişafı və perspektivdə müharibə ehtimalının minimuma endirilməsi baxımından önəmlidir. Digər tərəfdən, sözügedən dəhliz Türk dünyası üçün “Mərkəzi Asiyaya ticarət qapısı” rolunu oynayacaq və iqtisadi əlaqələrin gücləndirilməsinə imkan verəcək.

Rektor bildirib ki, Zəngəzur dəhlizinin açılması əbədi dostluq və qardaşlıq münasibətləri davam edən Azərbaycan və Türkiyə, eləcə də Avrasiya üçün ən mükəmməl alternativ yoldur. Elbrus İsayev Vətən müharibəsində 30 illik həsrətə 44 gün ərzində son qoyan Azərbaycan xalqının daim yanında olan qardaş Türkiyənin bu işdə də fəal rol oynamasından danışıb. Diqqətə çatdırıb ki, böyük mübarizənin sonunda Zəngəzur dəhlizinin açılması da tarixi qələbənin əsas tərkib hissəsi olacaq. Elbrus İsayev konfransda əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev erməni işğalı nəticəsində Naxçıvanın blokada vəziyyətinə salınmasından danışıb, 30 ilə yaxındır davam edən blokadanın yaratdığı çətinliklərdən bəhs edib. Vurğulayıb ki, tarixi qələbədən sonra uğurlu və məqsədyönlü siyasi-diplomatik danışıqların nəticəsində Zəngəzur dəhlizinin açılması regional əməkdaşlıq üçün şərait yaradacaq, nəqliyyat əlaqələri Türk dünyası ölkələrinin inkişafına, qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsinə öz töhfəsini verəcək.

“Serhat” İnkişaf Agentliyinin baş katibi Nurullah Karaca, İğdır Universitetinin rektoru professor Mehmet Hakkı Alma Zəngəzur dəhlizi və onun bölgə üçün əhəmiyyəti ilə bağlı çıxış ediblər.

Konfrans Türkiyənin əlaqəli qurumları və universitetlərinin iştirakı ilə “Regionun nəqliyyat və logistika infrastrukturu”, “Zəngəzur dəhlizi çərçivəsində imkanlar və ehtiyaclar”, “Sosial-mədəni əlaqələr kontekstində Zəngəzur dəhlizi”, “Zəngəzur dəhlizinin beynəlxalq ticarətin inkişafına təsiri” mövzularında davam edib.

Qeyd edək ki, üç gün davam edəcək konfrans yekun bəyannamənin imzalanması ilə başa çatacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.