SİYASƏT
Zəngəzur dəhlizinin bərpası Naxçıvanın Azərbaycan iqtisadiyyatına reinteqrasiyasını sürətləndirəcək
Bakı, 27 oktyabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri tarixi əhəmiyyət kəsb edir. Çünki bu səfər zamanı Azərbaycan-Türkiyə qardaşlığını təcəssüm etdirən və regionun gələcək inkişafında önəmli rol oynayacaq addımlar atıldı.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycan və Türkiyə prezidentlərinin Füzuli Beynəlxalq Hava Limanının açılışını birgə etməsi rəmzi məna daşıyır. Tarixi türk torpağı olan Qarabağın işğaldan azad edilməsi Azərbaycan qədər Türkiyənin də qələbəsi idi. Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstək bunu bir daha təsdiqləyir. Bu hava limanı, həmçinin Zəngəzur dəhlizinin də əhəmiyyətini artıracaq.
Sevinc Fətəliyevanın sözlərinə görə, Zəngəzur dəhlizinin bərpası nəinki Azərbaycanın, həmçinin regionun iqtisadi inkişafına böyük töhfələr verəcək. Bu dəhliz vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Azərbaycana quru yolla birləşdirilməsi də bu tarixi diyarımızın Azərbaycan iqtisadiyyatına reinteqrasiyasına səbəb olacaq. Beləliklə, Zəngəzur dəhlizinin Azərbaycan iqtisadiyyatında çox böyük rolu olacaq. Bu dəhlizin ən üstün cəhətlərindən biri ondan ibarətdir ki, nəinki Azərbaycanla Naxçıvan arasındakı nəqliyyat əlaqələrinin şaxələndirməsinə, həmçinin Xəzər və Aralıq dənizlərindən başlayaraq Cənub- Şərqi Asiya və Mərkəzi Asiya ilə Avropa arasındakı nəqliyyat-logistika xətti olacaq. Zəngəzur dəhlizi Azərbaycanı öz ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşdirəcək.
Deputat həyata keçirilən layihələrin Azərbaycan və Türkiyənin regionda önəmini daha da artıracağını vurğulayıb. Beləliklə, güclənən Azərbaycan-Türkiyə birliyi regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın əsasını təşkil etməkdədir.