ELM VƏ TƏHSİL


“Zəngi” liseyində “Son zəng” tədbiri keçirilib

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Bakının Nizami rayonundakı “Zəngi” liseyində “Son zəng” tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, məktəbin pedaqoji kollektivinin, valideynlərin və şagirdlərin iştirak etdikləri bayram tədbirində “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə məzunları təbrik edib, onlara ali məktəblərə qəbul imtahanlarında uğurlar arzulayıb.

Azərbaycanda təhsilin inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasətindən danışan V.Rəhimzadə bildirib ki, bu gün ölkəmizdə həyatın bütün sahələri kimi, təhsilin inkişafına da xüsusi önəm verilir. Yeni-yeni məktəb binaları tikilir, xaricdə təhsil alan azərbaycanlı tələbələrin, beynəlxalq olimpiadalarda qalib adını qazanan şagirdlərin sayı ildən-ilə artır. Təbii ki, bu uğurların qazanılması Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan irəli gəlir. “Zəngi” liseyi də respublikamızın qabaqcıl təhsil ocaqlarından biridir. Özünəməxsus fəaliyyəti ilə seçilən liseyin nailiyyətləri ildən-ilə daha da artır.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tariyel Hüseynov, valideynlər, liseyin müəllimləri, ötən illərdə yüksək nəticələr əldə etmiş məzunlar və digər çıxış edənlər “Zəngi” liseyinin qazandığı uğurlardan danışıblar, onbirincilərə qəbul imtahanlarının ikinci mərhələsində müvəffəqiyyətlər arzulayıblar.

Bildirilib ki, “Zəngi liseyi” bu tədris ilində də yüksək nailiyyətlər qazanıb. Builki qəbul imtahanlarının birinci mərhələsində liseyin 24 şagirdi 600, 28 şagirdi isə 500-dən artıq bal toplayıb. Altı şagird yüksək balla Türkiyənin, bir nəfər isə İngiltərənin ali məktəblərinə qəbul olunub. Ümumilikdə bu il liseyi 130 məzun bitirir. İl ərzində liseyin bir şagirdi respublika fənn olimpiadasının, iki müəllimi isə qrant layihələrin qalibi olub.

“Zəngi” liseyinin direktoru Bayram Heydərov rəhbərlik etdiyi təhsil ocağının fəaliyyətindən söz açıb. Cari tədris ilində fərqlənən şagirdləri xüsusilə təbrik edən liseyin direktoru bu il məzun olan 130 şagirdin hamısının ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərəcəyinə ümidvar olduğunu bildirib.

Tədbir şagirdlərin ifasında bayram proqramı ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.