REGİONLAR
Zəngibasardan olan 90 yaşlı Şövkət nənə ata-baba yurdunu görmək istəyir VİDEO
Biləsuvar, 16 yanvar, İlkin Adıyev, AZƏRTAC
Tarixi Azərbaycan torpağı olan Qərbi Azərbaycandan vaxtilə məcburi köçürülən soydaşlarımız bu gün öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayırlar. Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışı barədə çıxışı Zəngibasar rayonunun Rəhimabad kəndindən olan 90 yaşlı Şövkət Əhmədovanı da sevindirib. Şövkət nənənin 90 yaşı olmasına baxmayaraq öz yurduna qayıtmaq, o gözəl yerləri yenidən görmək arzusundadır.
AZƏRTAC-ın bölgə müxbiri 1950-ci ildə Qərbi Azərbaycandan deportasiya olunan, hazırda Biləsuvar rayonunda yaşayan Şövkət nənə ilə həmsöhbət olub.
Şövkət Əhmədova 1950-ci ilə qədər Zəngibasar rayonunun Rəhimabad kəndində yaşayıb. Ermənilərin həmin ərazilərə köçürülməsindən sonra öz doğma yurdundan didərgin düşüb. Şövkət nənə deyir ki, gəncliyinin ən gözəl illəri doğma yurdunda keçib. Hələ də o xoş günlərini unuda bilmir, ölmədən öncə ata-baba yurdunu görmək istəyir.
“Bu həyatda başımıza gətirilməyən müsibətlər qalmayıb. Hələ də sürgün olunmağımızın acısını yaşayıram. Erməniləri ilk dəfə Suriyadan gətirərək bizim kəndə yerləşdirəndə hiss edirdik ki, bunlar bizi rahat yaşamağa qoymayacaqlar. Elə də oldu. İndiyə kimi yadımdadır, təxminən 17 yaşım olardı. Xəbər yayıldı ki, ermənilər kəndimizə soxulub qadın, uşaq, qoca demədən hamını döyüb öldürürlər. hər kəs qaçıb canını qurtarmağa çalışırdı. Bizi vaqonlara doldurub yola saldılar. Vaqonlarda o qədər adam var idi ki, yaşlı adamların çoxu hava çatışmazlığından elə orada dünyasını dəyişdi” - danışdıqca gözlərinin yaşını saxlaya bilmir Şövkət nənə. Çünki yaşadığı ağrılı günləri yenidən canlanır xəyalı önündə.
“Biləsuvara gələndən sonra, tanınmış yazıçı Əlibala Hacızadə evinin qapısını bizə açdı. Dövlət bizə ev tikənə qədər onlarda qaldıq. O zamanlar şəraitimiz yaxşı deyildi, çətinliklə yaşayırdıq. İndi isə dövlətimiz bütün lazımi şəraiti yaradıb bizə. Biləsuvar sakinləri ilə qaynayıb-qarışmışıq, qız alıb vermişik bir-birimizə, qohumluq əlaqələrimiz qurulub. Bu həyatda yaman-yaxşı bütün arzu və istəklərimə çatmışam, bircə o arzum qalıb - ölmədən öncə doğma yurdumu yenidən görmək”, - deyir Şövkət nənə.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin “Gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar” sözləri bütün Qərbi azərbaycanlılar kimi, onlarda da böyük ruh yüksəkliyi yaradıb: “Mən inanıram ki, həmin gün gələcək, biz böyük coşqu və həvəslə öz doğma torpaqlarımıza qayıdıb orada yaşayacağıq”.
Xatırlatma: Azərbaycanlıların Qərbi Azərbaycandan, yəni indiki Ermənistan ərazisindən qovulması siyasi, hüquqi və humanitar ölçüsünə görə tarixdə misli-bərabəri olmayan ədalətsizlikdir. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1988-1991-ci illərdə, xüsusilə şiddətli və amansız olub. Aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar həmin ərazilərdən sürgün edilib və hazırda o yerlərdə ancaq ermənilər yaşayır. Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli ayrı-seçkilik həyata keçirilib.