CƏMİYYƏT
Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində düşmənin atıb qaçdığı silah-sursat aşkarlayıblar
Bakı, 20 oktyabr, AZƏRTAC
Ötən il oktyabrın 20-də Vətən müharibəsinin gedişində Silahlı Qüvvələrimiz tərəfindən daha bir tarixi səhifə yazılıb. Həmin gün Zəngilan rayonu düşmən işğalından azad edildi. Zəngilanın işğaldan azad edilməsi sevinc və qürur hissi ilə qarşılandı. Artıq bir ildir ki, Zəngilanda üçrəngli bayrağımız dalğalanır. Yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın doğma torpaqlarına qovuşması üçün bu müddətdə mühüm işlər görülüb. Doğma sakinlərini qarşılaması üçün nəhəng tikinti meydanına çevrilən Zəngilanda rayon polis şöbəsinin əməkdaşları da üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Vətən müharibəsi zamanı düşmənin atıb qaçdığı 7 avtomat, 3 pulemyot, 2 qumbaraatan, 42 əl qumbarası, 7 mina və müxtəlif partlayıcı vasitə, xeyli sayda müxtəlif çaplı mərmi və 60 minə yaxın güllə Zəngilan Rayon Polis Şöbəsinin şəxsi heyəti tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlərlə aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib. Bundan başqa, keçirilmiş kompleks tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitmiş çəkisi 450 kiloqram çəkidə 1810 ədəd çətənə bitkisi yığılaraq məhv edilib.