CƏMİYYƏT
Zəngilan rayonundan olan gənclər hərbi xidmətə yola salınıblar
Bakı, 4 iyul, AZƏRTAC
İyulun 4-də Zəngilan rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, çağırışçılar və onların valideynləri iştirak ediblər.
Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək hərbi xidmətə yola düşən gənclərə qalib əsgər kimi doğmalarının yanına qayıtmağı arzulayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov Vətəni qorumaq kimi müqəddəs vəzifəni yerinə yetirəcək gəncləri təbrik edib. N.Orucov çıxışında çağırışçıların hərbi xidmət zamanı nizam-intizamlı olmalarının, verilən əmr və tapşırıqların vaxtında yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Müharibə veteranları, çağırışçıların valideynləri gənclərə hərbi xidmətdə müvəffəqiyyətlər arzulayıblar.
Bədii hissədə vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı və Zəngilan rayonunun özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər.
Sonda gənclər Azərbaycan bayrağının altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.