REGİONLAR


Zəngilanda 2040-cı il üçün elektrik enerjisi tələbatının 40 MVt-dan çox olacağı gözlənilir

Bakı, 21 oktyabr, AZƏRTAC

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi Zəngilan rayonunun elektrik enerjisi ilə təchizatı üçün “Azərenerji” ASC tərəfindən genişmiqyaslı işlər həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev oktyabrın 20-də 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya bu barədə məlumat verib.

Bildirilib ki, elektroenergetika infrastrukturu tamamilə dağıdılmış Zəngilan rayonuna Füzulidəki “Şükürbəyli” yarımstansiyasından ümumi uzunluğu 110 kilometr olan ikidövrəli 110 kV-luq elektrik verilişi xətti çəkilib. Hava xəttinin ildırımdan mühafizəsi və yarımstansiyalararası siqnalların ötürülməsi üçün zəruri işlər görülüb. Yarımstansiya binası müasir avadanlıqla təchiz olunub, 25 MVA gücündə 2 transformator quraşdırılıb. Gələcəkdə şəbəkənin genişləndirilməsi nəzərə alınaraq lazımi infrastruktur yaradılıb. Burada mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub ki, bu da yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunmasına və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsinə imkan verir.

Qeyd edək ki, işğala qədər 40 min nəfərdən çox əhalisi olan Zəngilan rayonunun ümumi enerji tələbatı orta hesabla 7 MVt olub. Hazırda ərazisində hava limanı, qızıl, mis yataqları, dağ-eko, aqro və mədəni turizm, “Ağıllı şəhər”, “Ağıllı kənd” də daxil olmaqla qeyri-əhali abonentlərin və 50 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Zəngilanda 2040-cı il üçün elektrik enerjisi tələbatının 40 MVt-dan artıq olacağı gözlənilir. Məhz bu səbəbdən də Zəngilan rayonunun və ümumilikdə Şərqi Zəngəzur iqtisadi rayonunun gələcək inkişaf istiqamətləri nəzərə alınaraq artacaq güc tələbatlarının qarşılanması məqsədilə yeni çəkilən 110 kV-luq ikidövrəli elektrik verilişi xəttinin gücötürmə qabiliyyəti 150-160 MVt-dır. “Zəngilan” yarımstansiyası, ilk növbədə, Zəngilan rayonunda yerləşən hərbi hissələri, sərhəd xidmətinin obyektlərini, bir sıra infrastruktur layihələri həyata keçirən müxtəlif dövlət strukturlarının, yol-tikinti şirkətlərinin obyektlərini elektrik enerjisi ilə təmin edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.