REGİONLAR
Zəngilanda İtaliyanın məşhur “Motsarella di buffalo” pendiri istehsal olunacaq
Bakı, 27 aprel, AZƏRTAC
Zəngilanın Ağalı kəndində İtaliyanın məşhur “Motsarella di buffalo” pendiri istehsal olunacaq.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin Zəngilanın Ağalı kəndində icra olunacaq “Ağıllı kənd” layihəsində iştirak edəcək şirkətlərin nümayəndələri ilə videoformatda keçirilən söhbətində İtaliya şirkətinin nümayəndəsi bu barədə danışarkən deyib: “Süd ferması layihəsinin noyabr ayında istismara verilməsini istəyirdilər. Lakin ehtimal edirəm ki, fermanın daxilində yaşayış yerləri ilə birlikdə noyabr ayında bu, kifayət qədər tezdir. Lakin bunu biz nə qədər tez lazımdırsa edə bilərik. Bizim yenidənqurma işlərini aparmaq üçün bacarıqlarımız və tərəfdaşlarımız var”.
Layihə meneceri Cüzeppe Grisoliya isə qeyd edib ki, biznes ideyaları strateji regionda tam avadanlıqla təchiz edilmiş camış sağmalçılıq fermasının və ya yüksək keyfiyyətli “motsarella”, “burrata” və digər növ camış pendirlərinin istehsalının həyata keçirilməsi ilə bağlıdır. “Biz istehsal prosesinə öz təcrübə və biliyimizi gətiririk. Çünki cənab Prezident, bildiyiniz kimi, camış “motsarella”sı bütün dünyada istehsal olunur, istənilən ölkə həmin keyfiyyətə və səviyyəyə çatmağa cəhd göstərir. Lakin “motsarella di buffalo” pendiri həmişə italyan məhsulu olaraq qalır. Südçülük sahəsində uğurun ən mühüm amili ondan ibarətdir ki, söhbət təkcə bizdə olan texnologiyadan, avadanlıqdan getmir, həm də pendir hazırlayanların əllərindən gedir. Çünki hər kəs bahalı avadanlıq ala bilər, amma yalnız bacarıqlı pendir hazırlayan bənzərsiz “motsarella” hazırlaya bilər. Bu səbəbdən də biz südçülük fermasını qurandan sonra tam təlim kursu keçəcəyik. Bu təlim sayəsində Azərbaycanda birinci nəsil bacarıqlı pendir hazırlayanlar yetişdiriləcək”.
Cüzeppe Grisoliya əsas hədəflərinin Azərbaycanda yüksək keyfiyyətli südçülük sektorunun yaradılmasından ibarət olduğunu söyləyib. “İstəyirik ki, Azərbaycan da İtaliya kimi mükəmməl “motsarella di buffalo” pendirlərinin istehsalçısı olsun. Bu sahədə güzəştdən söhbət gedə bilməz, yalnız birinci səviyyəli istehsal ola bilər. Biz azərbaycanlı dostlarımızla əlimizdən gələni edəcəyik”, - deyə o vurğulayıb.