CƏMİYYƏT


Zəngilanda beynəlxalq su konfransı keçirilib

Zəngilan, 29 iyun, Göyçək Mahmudlu, Azər İbrahimov, AZƏRTAC

“Ağıllı kənd” yaşayış massivi beynəlxalq su konfransına ev sahibliyi edib.

İyunun 29-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilan rayonunun Ağalı kəndindəki “ağıllı kənd” yaşayış massivində “Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Azərbaycanda akkreditə olmuş diplomatik korpus və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin iştirakı ilə hibrid formatda keçirilən tədbirdə su ehtiyatları sahəsində davamlı inkişafın məqsəd və hədəflərinə nail olmaq üçün səylərin səfərbər edilməsi, bu məsələnin qlobal və regional həlli məqsədilə beynəlxalq səviyyədə dialoqun yaradılması, transsərhəd kontekstdə tərəfdaşlığın qurulması kimi aktual istiqamətlər müzakirə mövzusu olub.

Konfransda çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev işğaldan azad edilən ərazilərdə ekosistemin və infrastrukturun, hidrometeoroloji müşahidə sistemlərinin bərpası, ətraf mühitin monitorinqi stansiyalarının yaradılması, yaşıllıqların salınması, meşəbərpa tədbirləri, su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su mənbələrinin qiymətləndirilməsi, balıq növlərinin yetişdirilərək su hövzələrinə buraxılması sahəsində həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verib.

Ermənistan tərəfindən törədilmiş ekoloji terror, təbiət obyektlərinə dəymiş ziyan, Oxçuçayın və digər su hövzələrinin Ermənistan tərəfindən vəhşicəsinə çirkləndirilməsinin davam etdirilməsi, ekoloji terrorun fəsadlarının aradan qaldırılması və bölgənin ətraf mühitinin yaxşılaşdırılması mövzuları ilə bağlı məsələlər iştirakçıların diqqətinə çatdırılıb.

Nazir BMT və digər beynəlxalq, regional təşkilatların, özəl sektorun, vətəndaş cəmiyyətinin “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”nin su ilə bağlı məqsəd və hədəflərinin həyata keçirilməsində bütün səylərin birləşdirilməsinin vacibliyini qeyd edib.

Konfransda Prezident Administrasiyasının Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Həbib Mikayıllı, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qasımova, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və digər rəsmilərin iştirakı ilə geniş müzakirələr aparılıb.

Konfransın sonunda iyunun 30-da Estoniyada keçiriləcək Su Konvensiyası ilə bağlı tədbirə töhfə olacaq nəticə sənədi qəbul edilib. Qeyd edək ki, Azərbaycan Respublikası 2000-ci ildə Konvensiyanı ratifikasiya edib və Konvensiyanın işində fəal iştirak edir.

Beynəlxalq konfrans çərçivəsində diplomatik korpus nümayəndələri “ağıllı kənd”də yaradılan infrastrukturla da tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.