ELM VƏ TƏHSİL


Zəngilanlı gənc alim: “Ağıllı kənd” layihəsi yeni yanaşmadır, elmi nailiyyətdir

Bakı, 29 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Zəngilan şəhərinə səfəri mühüm məqamlarla yadda qaldı. Bu səfər işğaldan azad edilmiş Zəngilanın tarixində böyük səhifələr açır. Böyük Qayıdışa Şərqi Zəngəzurun qapısı olan Zəngilandan başlandı. Bizi sevindirən odur ki, Zəngilan rayonuna ölkə başçısının xüsusi diqqət və qayğısı var. Mən Zəngilanın gözəlliyinə 28 ildən sonra bir daha heyran oldum. Zəngilanın cənnət olması üçün “Ağıllı kənd” layihəsinin təməl daşı qoyuldu. Zəngilanda yenidənqurma və bərpa işlərinə imza atıldı. Bu, böyük Qayıdışın ilk addımlarıdır.

Bunu AZƏRTAC-a açıqlamasında Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, əslən Zəngilandan olan Təranə Şükürlü deyib. O bildirib ki, “Ağıllı kənd” layihəsi yeni yanaşmadır, elmi nailiyyətdir, Qarabağ ərazisinin öyrənilməsidir. Bu layihədə texnologiya, inşaat, kənd təsərrüfatı və sair inkişaf edəcək.

“Biz zəngilanlılar qürur hissi keçiririk ki, “ağıllı kənd” layihəsinə rayonumuzun Ağalı kəndindən başlanılır. Həm “ağıllı kənd” termini, həm də Ağalı toponimi arasında fonetik baxımdan səslənmə də vardır. Zəngilanın tarixi kifayət qədər qədimdir. Ağalı kəndindəki kahalar ən qədim insan məskənləri hesab edilir. “Ağıllı kənd” layihəsi də ilk insan məskənlərinin olduğu məkandan başlanır.

28 il öncə uşaq yaddaşımızın ən dərin qatlarında Zəngilanın dağıdılmış evləri, uçurulmuş divarları iz salmışdı. Böyük Qələbədən sonra Zəngilandakı evimizin uçmuş divarının rəsmini gördüm. Bu, məni çox kədərləndirdi. Bu gün isə daxilimdə bir qürur, sevinc hissi var. Çünki dağıdılmış rayonumuzun, kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpası həyata keçirilir”, - deyə T.Şükürlü əlavə edib..

Alim qeyd edib ki, səfər zamanı ikinci Beynəlxalq Hava Limanının təməlinin qoyulması Zəngilanın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün böyük əhəmiyyət kəsb edir. Zəngilan Beynəlxalq Hava Limanı dövlətimizin dostluq rəmzini göstərir. Beynəlxalq Hava Limanı Qarabağda beynəlxalq konfransların, tədbirlərin təşkili zamanı da öz böyük töhfəsini verəcək. Bütün bunlar Zəngəzurun mədəniyyətlərarası ünsiyyətini genişləndirəcək. Bundan başqa, ölkə başçısının böyük diqqət və qayğısı sayəsində Zəngilan şəhərində yerləşən məscidin yenidən bərpası işinə start verildi. 28 ildə ermənilər Bəsitçay qoruğunda da ekoloji terror törədiblər. Mənfur düşmən qoruğun meşəlik ərazisinin demək olar ki, yarısını məhv edib, ağacların kökünü yandırıb. Təbiət abidəsi olan Bəsitçay qoruğunun bərpası da uğurlu işlərdən biridir.

“Zəngilanda həyata keçirilən tədbirlərə görə Prezident İlham Əliyevə öz təşəkkürümüzü bildiririk. Biz Zəngilan gəncləri hər zaman Prezidentin yanındayıq”, - deyə T.Şükürlü bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.