REGİONLAR


“Zəngin hövzələr” layihəsi çərçivəsində balıq körpələri təbii su hövzələrinə buraxılıb

Göygöl, 17 iyun, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycanın daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş genişmiqyaslı “Zəngin hövzələr” layihəsi çərçivəsində IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə iyunun 17-də Kür çayına və Göygöl gölünə balıq körpələri buraxılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ETSN rəsmilərinin, IDEA İctimai Birliyi və nazirliyin könüllülərinin iştirakı ilə keçirilən tədbir zamanı 1000 ədəd körpə çəki balığı Kür çayına, 2000 ədəd körpə forel balığı isə Göygöl gölünə buraxılıb.

Qeyd edək ki, ölkənin müxtəlif regionlarında təbii su hövzələrinə balıq buraxılışı ilin sonunadək davam edəcək.

“Zəngin hövzələr” layihəsi balıq növlərinin təbii populyasiyasının artırılması, balıqartırma zavodlarında yetişdirilən müxtəlif növ balıq körpələrinin təbii mühitə buraxılması, eləcə də daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Xatırladaq ki, “Zəngin hövzələr” layihəsinə 2020-ci ilin may ayında start verilib. Təkcə ötən il 6 milyona yaxın müxtəlif növ balıq körpəsi su hövzələrinə buraxılıb.

Balıqartırma zavodlarında yetişdirilən müxtəlif növ balıqların müntəzəm olaraq təbii su hövzələrinə buraxılması nəsli kəsilməkdə olan növlərin təbii populyasiyasının artırılmasını hədəfləyir.

Son onilliklər ərzində Xəzər dənizinin nadir balıq növlərinin populyasiyası insan fəaliyyətinin mənfi təsirləri, o cümlədən çirklənmə, qaçaqmalçılıq və həddən artıq ovlanma nəticəsində məhvolma təhlükəsi həddinə çatıb. Bununla əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması və bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir.

Balıqların kürütökmə dövrü ilə əlaqədar hər il ölkəmizdə may ayının 1-dən etibarən balıq ovuna dörd aylıq moratorium tətbiq edilir.

Layihə təşkilatçıları bütün vətəndaşları balıq ehtiyatlarının qorunmasına, məsuliyyətli olmağın təşviqinə dəstək verməyə, balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə çağırır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.