REGİONLAR
Zərdab avtomobil yolu yenidən qurulur
Bakı, 19 iyun, AZƏRTAC
Respublika əhəmiyyətli Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolunun 53-cü kilometrindən ayrılan Zərdab avtomobil yolu yenidən qurulur.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 35 min əhalinin yaşadığı 24 yaşayış məntəqəsini birləşdirən Zərdab avtomobil yolunda aparılan torpaq işləri artıq yekunlaşıb. Belə ki, yolboyu yeni yol yatağı inşa edilib, yol əsasının işlənilməsi işləri aparılıb. Həmçinin müxtəlif diametrli yeni suötürücü borular, kollektor su keçidləri inşa olunub. Hazırda yola asfalt-beton örtüyü döşənir. Asfaltlanma işləri 250 min kvadratmetrdən çox sahəni əhatə edəcək.
Sonda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün siqnal dirəkləri, kilometr göstəriciləri, yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol xətlənməsi işləri aparılacaq, yol birləşmələri təmir ediləcək, 41 avtobus dayanacağı qurulacaq.
Zərdab avtomobil yolunun yenidən qurulması ilə Kürdəmir və Zərdab rayonları arasında nəqliyyat əlaqəsi yaxşılaşdırılacaq, yolboyu yaşayan vətəndaşların hər iki rayon istiqamətində rahat hərəkəti təmin olunacaq.