REGİONLAR
Zərdab gəncləri rayonun həyatında fəal iştirak edirlər
Zərdab, 14 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı gənclər birliyinin V hesabat-seçki konfransı keçirilib. Rayon icra hakimiyyətinın iclas zalında keçirilən konfransda 61 ərazi ilk partiya təşkilatından 268 nəfər nümayəndə iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev xatirə parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Konfransda YAP Zərdab rayon təşkilatının gənclər birliyinin sədri Ələkbər Kərimovun hesabat məruzəsi dinlənilib. Qeyd olunub ki, YAP rayon təşkilatının 6186 üzvü var ki, onların da 1745 nəfəri gəncdir. Gənclər birliyi üzvlərinin 762 nəfərini qadınlar təşkil edir. Gənc üzvlərdən 561-i ali, 291-i orta ixtisas, 893-ü orta təhsillidir. Gənclərin 415-i təhsil, 114-ü səhiyyə, 138-i idarəetmə, 101-i elm, mədəniyyət və incəsənət sahələrində, qalan 967 nəfər isə digər idarə və müəssisələrdə çalışır.
Məruzə ətrafında çıxışlarda vurğulanıb ki, gənclər birliyinin üzvləri rayonun həyatında fəal iştirak edərək, yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkili və s. istiqamətlərdə uğurla fəaliyyət göstərirlər.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Milli Məclisin deputatları Jalə Əliyeva və Cavid Osmanov çıxışlarında Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından danışıblar.
Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev partiyanın yaranma tarixi, onun keçdiyi şərəfli yol, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən söz açıb. O, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin respublikamızın hərtərəfli və sürətli inkişafı naminə həyata keçirdiyi çoxşaxəli və innovativ islahatlar barədə iştirakçılara ətraflı məlumat verib.
Konfransda təşkilati məsələlərə də baxılıb. YAP Gənclər birliyinin 17 nəfərdən ibarət şurası, 11 nəfərdən ibarət idarə heyətinin tərkibi seçilib. Gizli səsvermə yolu ilə Yarməmmədbağı kənd tam orta məktəbin müəllimi Rəmzi Şirinov YAP Zərdab rayon təşkilatının gənclər birliyinin sədri seçilib.
Konfransda YAP Gənclər Birliyinin Bakıda keçiriləcək V konfransına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunan bir qrup gəncə partiya vəsiqələri təqdim olunub.