REGİONLAR
Zərdab kümçüləri ilk dəfə ikinci partiya ipəkqurdu toxumu bəsləyirlər
Zərdab, 19 iyul, AZƏRTAC
Ölkə başçısının 2017-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində Zərdab rayonunda konkret tədbirlər həyata keçirilir. Hazırda bölgədə ilk dəfə olaraq ikinci partiya inkubasiya olunan 300 qutu baramaqurdu toxumu bəslənilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Zərdab kümçüləri builki mövsümdə 1750 qutu (33250 qram) baramaqurdu toxumu götürərək normal bəsləmə aparıb, nəticədə keçən ildəkindən 11 ton 441 kiloqram çox olmaqla 65 ton 321 kiloqram barama tədarük edərək respublikada ən yüksək göstəriciyə nail olublar.
Baramaçılıq rayonda tarixən ənənəvi sahədir. Hazırda bölgədə onlarla təcrübəli kümçü fəaliyyət göstərir. Rayon icra hakimiyyəti kümçülərin istəyini nəzərə alaraq bu il onların ikinci partiya baramaqurdu toxumu bəsləmələrinə şərait yaradıb. Belə ki, rayon ərazisində mövcud yem bazası nəzərə alınaraq Çindən həmin ölkənin mütəxəssislərinin nəzarəti altında ikinci mərhələdə 300 qutu baramaqurdu toxumu gətirilərək Qax Damazlıq Stansiyasında inkubasiya olunub və kümçülərə paylanıb.
Hazırda bu toxumlar mütəxəssislərin nəzarəti altında bəslənilir.