REGİONLAR
Zərdab məktəblisi: Ekskursiya zamanı yeni dostlar qazandım
Quba, 18 mart, Elxan Yusifli, AZƏRTAC
Qusarın Həzrə kəndindəki Şeyx Cüneyd türbəsi, zəngin memarlıq üslubuna malik Cümə məscidi, Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlıq hər bir şagirdin tanımalı olduğu yerlərdir. Dağlıq ərazilər çox xoşuma gəldi, xüsusən “Şahdağ” Turizm Mərkəzi. Tur-aksiya bizə bölgələrimizlə yaxından tanış olmaq imkanı yaratdı. Həmçinin ekskursiya zamanı yeni dostlar qazandım.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Prezident İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyanın iştirakçısı Məhəmməd Osmanov söyləyib.
Zərdab rayonunun Gəlmə kənd tam orta məktəbinin 11-ci sinif şagirdi tur-aksiyanın bölgələrlə tanış olmaq üçün əla imkan yaratdığını bildirib.
“Azərbaycanın şimal rayonlarının görməli yerlərinə, muzeylərinə, tarixi abidələrinə ekskursiya etdik. “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan bu maarifləndirici tur-aksiya bizim yaddaşımızda silinməz izlər buraxdı. Bu, mənim ən maraqlı səyahətlərimdən biri idi. Ümid edirəm ki, şimal bölgəsinə yenidən gələcəyəm. Buralar çox xoşuma gəldi”, - deyə Məhəmməd Osmanov bildirib.