REGİONLAR
Zərdab məktəblisi: Ölkəmizin şimal bölgəsi ilə tanışlıqdan böyük zövq alırıq
Quba, 19 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qubaya ilk səfərimdir. Şimal bölgəsi təsəvvür etdiyimdən də gözəldir. Həmişə Qubanın əsrarəngiz təbiətinin fotolarını izləmişəm. Xüsusilə qar yağanda füsunkar gözəlliyə malik olur. Azərbaycanın başqa bölgələrində olduğu kimi, burada da tarixin silinməz izlərinə rast gəlirik. Cümə məscidi, Qırmızı qəsəbə, Quba Soyqırımı Memorial Kompleksi, Tağlı körpü və başqa yerlərdə olduq. Hər bir məkan haqqında ətraflı məlumatlar aldıq. Bu ekskursiya tariximizi, mədəniyyətimizi daha dərindən öyrənməyə kömək edir. Tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyanın iştirakçısı Aytəkin Qədirova söyləyib.
Zərdab rayon H.B.Zərdabi adına 1 nömrəli məktəb-liseyin X sinif şagirdi ekskursiya zamanı tariximizi öyrənməklə yanaşı, xeyli yeni dost qazandığını bildirib.
“Sabah Qusarın görməli yerləri ilə tanış olacağıq. Bu rayon ölkəmizdə qış turizminin inkişaf etdiyi region kimi tanınır. “Şahdağ” Turizm Mərkəzi haqqında çox eşitmişəm. İndi orada olmaq və mərkəzin xidmətlərindən istifadə etmək imkanımız olacaq. Ölkəmizin şimal bölgəsi ilə tanışlıqdan böyük zövq alırıq. Bu, mənim bölgəyə son səyahətim olmayacaq, gələcəkdə dostlarımla, ailə üzvlərimlə bu yerlərə gələcəyəm”, - deyə Aytəkin Qədirova qeyd edib.