REGİONLAR
Zərdab rayonunda yol polisi reyd keçirib
Zərdab, 22 aprel, Adil Ağayev, AZƏRTAC
Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin və atmosferin nəqliyyat vasitələrindən atılan zəhərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə profilaktik tədbirlər keçiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yoxlamalar zamanı atmosferə normadan artıq dəm qazı buraxan 31 avtomobilin sürücüsü barəsində protokol tərtib olunub.
Reyd zamanı yol patrul xidməti əməkdaşları qeyd olunan yol hərəkəti iştirakçıları ilə maarifləndirici və profilaktik söhbətlər aparıb. Qayda pozuntularına yol vermiş sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilməklə inzibati məsuliyyətə cəlb olunublar.
Qeyd edək ki, Zərdab rayonu ərazisində tərtib edilmiş tədbirlər planına uyğun olaraq hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə belə profilaktik tədbirlər mütəmadi keçiriləcək.