REGİONLAR
Zərdabda 10 min 829 hektar sahənin məhsulu yığılıb, orta məhsuldarlıq 33 sentnerdir
Zərdab, 22 iyun, AZƏRTAC
Zərdab rayonunda taxıl biçin sürətlə davam edir və artıq 10 min 829 hektar sahənin məhsulu yığılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin məhsulu üçün 18 min 501 hektar sahədə taxıl yetişdirilib. Zəmilərin 13,7 min hektarı buğda, 5 min 494 hektarı isə arpadır. Hazırda hər gün zəmilərə 35 kombayn çıxarılır, bunların da 19–u hüquqi, 16-sı isə fiziki şəxslərindir. Hələlik hər hektarda orta məhsuldarlıq 33 sentnerdir. Bir sıra ərazilərdə məhsuldarlıq daha yüksəkdir.
Rayonun əksər ərazilərində, xüsusilə Gəlmə, Körpükənd, Məmmədqasımlı, Dəli Quşçu və digər icra nümayəndəliklərində biçin daha mütəşəkkil aparılır. Fermerlər, eləcə də fiziki şəxslər biçin kampaniyasının vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələri səfərbər ediblər. Qeyd edək ki, rayonda cari mövsümdə 63 min tona yaxın taxıl istehsalı gözlənilir.