REGİONLAR
Zərdabda 18 min 900 hektardan çox sahədə payızlıq taxıl əkilib
Zərdab, 18 dekabr, AZƏRTAC
Zərdab rayonunda payızlıq taxıl səpini başa çatdırılıb. Taxılçılar 18 min 904 hektarda əkin aparıblar.
Rayon icra hakimiyyəti aparatının sosial-iqtisadi inkişafının təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Namiz Rüstəmov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, səpində 60-dan çox şum traktorundan, yedəkli qoşqudan və səpin aqreqatından istifadə olunub. Əkin sahələrinin 13,1 min hektarı buğda, 5494 hektarı arpa, qalanı isə xəsildir. Rayonun iri taxılçılıq əraziləri olan Bəyimli, Alcanlı, Məlikli, Körpükənd və bir sıra digər ərazi dairələrində bu mühüm kampaniya daha mütəşəkkil aparılır. Artıq sahələrin 95 faizindən çoxunda normal çıxış alınıb.
Qeyd edək ki, son illər rayonda taxılçılığın inkişafı istiqamətində ardıcıl tədbirlər görülüb. Builki mövsümdə 62 min 438 ton taxıl istehsal edilib. Hər hektardan orta məhsuldarlıq 33,3 sentner olub ki, bu da ötən ildəki göstəricidən 3 sentner çoxdur.
Payızda taxıl əkini sahələri də 154 hektar artıb.