REGİONLAR
Zərdabda 939 tondan çox çəltik istehsal olunub
Zərdab, 5 dekabr, AZƏRTAC
Zərdab rayonunda çəltik yığımı başa çatıb və sahələrdən 939,4 ton məhsul götürülüb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ildə 5 inzibati ərazi dairəsi üzrə 204 hektarda çəltik yetişdirilib. Hər hektardan orta məhsuldarlıq 46 sentner olub. Ən yüksək məhsuldarlıq 110 hektarda çəltik əkilən Məlikli inzibati ərazi dairəsində qeydə alınıb - 51,1 sentner. Yuxarı Seyidlər, Qoruqbağı inzibati ərazi dairələrində də məhsuldarlıq yaxşı olub.
Qeyd edək ki, Zərdab çəltikçiliyin inkişafı üçün böyük potensialı olan rayonlardandır. Son illər bazarlarda yerli düyüyə tələbat getdikcə artır. Ötən il sentyabrın 3-də Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə həsr olunan respublika müşavirəsində dövlətimizin başçısının qarşıya qoyduğu konkret vəzifələr rayonda çəltikçiliyin inkişafına böyük təkan verib. Əkin sahələri artırılıb, məhsul istehsalı 1,2 dəfə çox olub. Gələn il də əkin sahələrinin artırılacağı gözlənilir.