RƏSMİ XRONİKA


Zərdabda Gənclər Mərkəzi açılmışdır

Bakı, 7 oktyabr (AZƏRTAC). Oktyabrın 7-də Prezident İlham Əliyev Zərdabda Gənclər Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Mərkəzdə yaradılan şəraitlə tanışlıq zamanı məlumat verildi ki, Heydər Əliyev Parkında yeni inşa olunan Gənclər Mərkəzinin həyətində XXX London Yay Olimpiya Oyunlarının qaliblərinin və olimpiya komandamızın Prezident İlham Əliyev ilə görüşlərini əks etdirən fotostend yaradılmışdır. Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətlərinin müxtəlif məqamlarını, Zərdaba səfərlərini əks etdirən fotolardan ibarət guşələr vardır. 

Qeyd olundu ki, Gənclər Mərkəzinin tikintisinə ötən ilin iyulunda başlanılmışdır. Mərkəzin inşaat işləri Prezident İlham Əliyevin Zərdaba səfərindən sonra imzaladığı 2011-ci il 11 may tarixli Sərəncamı ilə ayrılan 2 milyon manat vəsait hesabına aparılmışdır. Bütün lazımi avadanlıqla təchiz edilən on otaq və rəqs zalından ibarət mərkəzdə gənclər öz asudə vaxtlarını maraqlı keçirə bilərlər. Burada ayrıca kompyuter otağı da vardır. Bütün kompyuterlər sürətli internetə qoşulmuşdur. Mərkəzdə kompyuter, dərzilik kursları musiqi dərnəkləri təşkil olunacaqdır. Binadakı kafe-barda gənclərin istirahəti üçün hər cür şərait yaradılmışdır. 

Dövlətimizin başçısı mərkəzin rəqs zalı ilə tanış oldu. Burada atıcılıq otağı və bilyard zalı fəaliyyət göstərir. Ümumilikdə Mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayacaqdır.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin