REGİONLAR
Zərdabda “Şanlı Ordumuz qürurumuzdur” adlı görüş keçirilib
Zərdab, 27 iyun, AZƏRTAC
Zərdabda Silahlı Qüvvələr Gününə həsr edilən “Şanlı Ordumuz qürurumuzdur” adlı görüş keçirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zərdab nümayəndəliyindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir Zərdab rayon Heydər Əliyev Mərkəzi, Zərdab rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zərdab nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin 1993-cü il iyununda ölkəni dərin iqtisadi, siyasi böhrandan, acınacaqlı vəziyyətdən xilas etmək üçün ikinci dəfə siyasi hakimiyyətə qayıdışından bəhs edib.
Ulu Öndərin misilsiz xidmətləri və gərgin əməyi nəticəsində qısa zaman kəsiyində vahid komandanlıq prinsipi ilə idarə edilən nizami ordu yaradıldığı diqqətə çatdırılıb. Həmçinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə zəngin maddi-texniki bazaya və yüksək döyüş qabiliyyətinə malik ordu formalaşdığı vurğulanıb və 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbənin əhəmiyyəti barədə məlumat verilib. Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etməsindən, əsgər və zabitlərimizin nümayiş etdirdikləri igidlik və şücaət nümunələrindəndən danışılıb.
Sonda Silahli Qüvvələr Gününə həsr edilmiş film nümayiş olunub.