REGİONLAR
Zərdabda Vətən müharibəsinin iştirakçıları ilə gənclərin görüşü olub
Zərdab, 23 aprel, AZƏRTAC
Zərdabda Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Südüm sənə halal olmaz, sən baş əysən düşmənə” mövzusunda Vətən müharibəsinin iştirakçıları ilə gənclərin onlayn görüşü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Görüşü rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev açaraq tədbirin əhəmiyyətindən söz açıb. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin Ailə, Qadın, Uşaq məsələləri komitəsinin sədr müavini, elmlər doktoru, professor, Həsən bəy Zərdabi İrs Mərkəzinin həmtəsisçisi Jalə Əliyeva 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun erməni təcavüzkarları üzərində tarixi qələbəsindən, xalqımızın birliyindən, haqq savaşımızda qəhrəman Vətən övladlarının göstərdikləri şücaətdən danışıb, şəhid ailələrinin, müharibə iştirakçılarının, veteran və əlillərin daim dövlətimiz tərəfindən diqqətdə saxlanıldıqlarını bildirib.
Onlayn görüşdə çıxış edən Vətən müharibəsi iştirakçıları - Zərdab Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zinhar Bayramov, ehtiyatda olan zabit Elvin Xəlilov, xüsusi təyinatlı qüvvələrin giziri Cavid Həsənov, əsgər Hikmət Qasımov, Saatlı rayonundan zabit Həsən Mehdiyev keçdikləri döyüş yolundan, 44 günlük haqq savaşında işğal altındakı torpaqlarımızın, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin azad edilməsindən, əsgər və zabitlərimizin yüksək döyüş ruhundan danışıblar.
Görüşdə gənc ziyalı, Həsən bəy Zərdabi İrs Mərkəzinin sədri Seymur Bayramov, Bıçaqçı kənd tam orta məktəbinin müəllimi, fəal gənc Jalə Kərimli çıxış edərək Azərbaycan gənclərinin qırx dörd günlük döyüşlərdə göstərdikləri şücaətin, cəsarətin və vətənsevərliyinin gələcək nəsillər üçün bir örnək olacağını vurğulayıblar.