REGİONLAR
Zərdabda barama tədarükünə başlanılıb
Zərdab, 30 may, AZƏRTAC
Zərdab rayonunun kümçüləri yetişdirdikləri barama məhsulunun təhvilinə başlayıblar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu il 238 nəfər kümçüyə 480 qutu (9249 qram) ipəkqurdu toxumu paylanılıb, “Şəki-İpək” ASC ilə kümçülər arasında müqavilə bağlanılıb. Bu sahə üzrə 611 nəfər işə cəlb olunub.
Kümçülər götürdükləri ipəkqurdlarına yüksək səviyyədə qulluq göstərərək keyfiyyətli barama yetişdirilməsinə nail olublar. Onlar artıq 1,1 ton baramanı “Şəki İpək” ASC-nin nümayəndələrinə təhvil veriblər.
Ayrı-ayrı kümçülərin uğurları diqqətəlayiqdir. Belə ki, Nəzəralılı kənd sakini Surxay Xəlilov 54 qram ipəkqurdu toxumundan 152 kiloqram barama yetişdirib. Rayonda kümçülərin böyük əksəriyyəti bir aylıq zəhmətin müqabilində əldə etdikləri məhsuldan razıdırlar. Onlar gələn il bu sahəyə daha çox üstünlük vermək niyyətindədirlər.
“Şəki İpək” ASC-nin nümayəndəsi Fəraim Yusifov məhsulun keyfiyyətini yüksək qiymətləndirərək fermerlərin bu sahəyə marağının artdığını vurğulayıb.
Qeyd edək ki, bu il Zərdab rayonunda 24 tondan çox barama istehsal ediləcəyi gözlənilir.