MƏDƏNİYYƏT


Zərdabda bayram şənliyi keçirilmişdir

Zərdab, 27 may (AZƏRTAC). Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 93-cü ildönümü münasibətilə Zərdab şəhərindəki Heydər Əliyev adına meydanda böyük bayram şənliyi keçirilmişdir.

Zərdab Rayon İcra Hakimiyyəti ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birgə təşkil etdikləri və “Azərbaycan Respublikasına xidmət edirəm” devizi altında keçən bayram tədbirinin minlərlə iştirakçısı əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək ümummilli liderin abidəsi önünə çiçəklər qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər. Kür çayı sahilindəki Qələbə meydanında ucaldılmış “Naməlum əsgər”, Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun, Həsən bəy Zərdabinin abidələri önünə də gül dəstələri qoyulmuşdur.

Müdafiə Nazirliyi tərbiyə işləri idarəsi rəisinin müavini, Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını təbrik etmişdir.

Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev Prezident İlham Əliyevin mayın 6-da Zərdaba səfərini xatırladaraq sakinlərin hələ də bu səfərin xoş təəssüratı ilə yaşadıqlarını, hər bir zərdablının bu tədbirə ikiqat bayram sevinci ilə gəldiyini vurğuladıqdan sonra “Müsəlman Şərqində ilk demokratik cümhuriyyət” mövzusunda məruzə etmişdir. O, 1918-ci il mayın 28-də elan edilən və cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin tarixində mühüm yer tutduğunu diqqətə çatdırmış, o illərin son dərəcə gərgin və ağır olduğunu, sovet Rusiyasının xaincəsinə müdaxiləsini, Bakıda və bölgələrdə erməni daşnaklarının törətdikləri qırğınları xatırlatmışdır. Natiq xalqımızın 20 il əvvəl müstəqilliyini bərpa etməsindən, bu müstəqilliyin qorunub saxlanılmasında, dövlətçiliyin möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışdır. Qeyd etmişdir ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə getdikcə çiçəklənən və qüdrətlənən dövrünü yaşayır.

İkinci Dünya müharibəsində “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüş Muradalı Heydərov 2011-ci il 19 may tarixli Sərəncamla Prezident təqaüdünə layiq görüldüyünə görə dövlət başçısına minnətdarlığını bildirmişdir.

Sonra bayram konserti olmuşdur. Azərbycan Respublikası Silahlı Qüvvələrinin mahnı və rəqs ansamblı böyük konsert proqramı ilə bayram iştiraşçılarına xoş ovqat bəxş etmişdir.

Şənliklərdə vaxtilə Zərdab Rayon Partiya Komitəsinin birinci katibi işləmiş Zəridə Rüstəmova, Respublika Veteranlar Şurası sədrinin müavini Surxay Tağızadə, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov, professorlar Musa Bağırov, Tərbiz Əliyev, Məhərrəm Məmmədov və başqaları iştirak etmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.